22.01.2025, 15:00
AZ EN
22.01.2025, 11:40 49

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi davam edir

YAZILAR
  • “Baş nazirlərin müavinləri səviyyəsində görüşlərin də növbəti raundu keçirilib. Keçən il tərəflər arasında müsbət nəticələr əldə edildi. Sərhədin bir hissəsi demarkasiya olundu, müəyyənləşdi. Bunun nəticəsində uzun illər öncə kəndlərimizi işğal edən Ermənistan həmin kəndlərin 4-nü geri qaytarmaq məcburiyyətində qaldı. İndi orada mina təmizləmə işləri aparılır. Ermənistan torpaqlarımızı işğal etdikdən sonra adəti üzrə minalayıb. Necə ki Qarabağı, ətraf əraziləri minalaşmışdı. Odur ki, minalardan təmizləmə işləri gedir. Üstəgəl, sərhədlərin digər istiqamətində də dəqiqləşmə işləri davam edir. Daha çox cənub istiqaməti ilə bağlı danışıqlar var”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yerli mətbuata açıqlamasında bildirib.

E.Şahinoğlu qeyd edib ki, 4 kəndimiz hələ də erməni işğalı altındadır, bu məsələlər də həllini tapmalıdır: “Gec və ya tez Ermənistan həmin 4 kəndi də Azərbaycana qaytarmaq məcburiyyətində qalacaq. Sadəcə, Ermənistanın daxilində bu mövzuda çox sərt diskussiyalar gedir. Radikal müxalifət yenə də hakimiyyəti satqınlıqda ittiham edir, Azərbaycanın bir hissəsinə iddia edən saxta xəritələr təqdim edirlər. Qarşıdurma davam edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də son müsahibələrindən birində Ermənistanda faşizmin mövcud olduğunu bildirib. Faşizm deyərkən məhz bu radikal qüvvələri nəzərdə tuturdu. Onlar nəinki bizim qalan ərazilərimizi, kəndlərimizi qaytarmaq istəmirlər, hələ yenidən bunlar məntiqsiz şəkildə beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın digər ərazilərinə iddialarını ortalığa qoyurlar və saxta xəritələr ortaya qoyurlar. Buna baxmayaraq, biz Ermənistanın rəsmi strukturları ilə danışıqlar aparırıq və onlardan müvafiq addımlar gözləyirik”.

Politoloq bildirib ki, məhz bu addımlar bölgədə sülhü və gələcəkdə əməkdaşlıq imkanların yaxınlaşdıra bilər: “Kəndlərimiz geri qaytarılmadan, Zəngəzur dəhlizi işə düşmədən əlbəttə, iki dövlət arasında sülh sazişi imzalansa belə, bu, yarımçıq olacaq. Çünki inam atmosferi olmayacaq. Ona görə də Ermənistan 4 kəndi də yaxın gələcəkdə Azərbaycana qaytarmağa məcburdur. Çünki o kəndlərin Ermənistana heç bir dəxli yoxdur”.

Qeyd edək ki, ötən ilin aprelində sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib.

Hazırda Azərbaycanın 4 kəndi işğalda qalmaqdadır: Qazağın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və 1990-cı ilin 19 yanvarında, düz 35 il əvvəl işğal olunmuş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İşğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər