Bunu politoloq Ramiz Alıyev bildirib.
Ramiz Alıyev deyib ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Forumda ölkə başçısı çıxış edərək bir çox vacib məqamlara toxundu və Prezidentin açıqladığı yeni faktlar, yeni yanaşmalar hələ uzun müddət mətbuatda müzakirə və təhlil ediləcək: “Artıq ikinci dəfədir ki, Şuşada Qlobal Media Forumu keçirilir. Budəfəki Foruma 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələri qatılıb. Dünyanın media mərkəzinə çevrilən Şuşada ənənəvi Qlobal Media Forumu keçirilməsinin bizim üçün həm siyasi, həm də mənəvi əhəmiyyəti ölçüyəgəlməzdir. Azərbaycan Prezidenti həm açılış nitqindəki çıxışında, həm də jurnalistlərin suallarını cavablandırarkən ölkəmizin xarici siyasətinin istiqamətləri, regionun siyasi palitrası və qlobal iqtisadi layihələr və digər məsələlər haqqında dolğun məlumatlar verdi. Azərbaycan Prezidentinin çıxışları, xüsusilə də, siyasi mövzulardan yazan jurnalistlərə dünyanın tez-tez dəyişən siyasi durumunu təhlil etməkdə, anlamaqda çox yardımçı olur. Beynəlxalq siyasi mövzulardan yazan xarici jurnalistlər regionumuzla bağlı təhlillərində cənab İlham Əliyevdən dəfələrlə sitat gətiriblər”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycan Prezidenti Şuşadakı çıxışında daha çox Azərbaycanın xarici siyasi və iqtisadi əlaqələrinə toxundu: “Azərbaycanın ABŞ, Rusiya, Avropa dövlətləri, Ermənistanla münasibətləri, Türk Dövlətləri birliyinin perspektivi cənab Prezidentin çıxışının əsasını təşkil edirdi.
Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməli olduğunu vurğulayan dövlət başçısı haqlı olaraq bəyan etdi ki, kimsə bizim maraqlarımızı nəzərə almadan hərəkət etsə, uğursuzluğa düçar olacaqlar. ABŞ-Azərbaycan əlaqələrinə toxunan ölkə başçısı erməni lobbisinin münasibətlərimizi pisləşdirməyə çalışdığını açıq şəkildə qeyd etdi. Seçkilərdə Amerikada yaşayan ermənilərin səsini almağa çalışan namizədlər seçki dönəmində anti-Azərbaycan bəyanatları səsləndirməli olurlar. ABŞ-da bəzi siyasi qüvvələr Azərbaycan müxalifətini maliyyələşdirməklə ölkəmizdə qarışıqlıq, xaos yaratmağa çalışıblar ki, bu da heç bir nəticə verməyib. Odur ki, ABŞ artıq reallığı qəbul edir və Azərbaycanla əməkdaşlığı davam etdirir. O da faktdır ki, bizin Respublikaçılarla münasibətimiz yaxşı olub. Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərində müsbət dəyişikliyi görəcəyik. Dövlət başçısı çıxışında onu da qeyd etdi ki, Azərbaycan regionumuzda və postsovet məkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. Azərbaycan Avropaya qaz nəqlini iki dəfə artırmaq niyyətindədir. Bizim buna həm iqtisadi potensialımız, həm də siyasi iradəmiz imkan verir. Doğrudan da, bəziləri hesab edir ki, Azərbaycan Qərbdən uzaqlaşır, Rusiyaya, Çinə meyl edir və s. Azərbaycan heç bir cəbhəyə qoşulmur. Azərbaycanın Rusiya, Çin ilə münasibətləri 2020-ci ildən öncə necə idisə, bu gün də elədir. Bizim xarici siyasətimiz ölkəmizin milli maraqları üzərində qurulub. Azərbaycanın xarici siyasətində digər vacib məqam müstəmləkə altında yaşayan xalqların azadlıq mübarizəsinə dəstək verməsidir. Qoşulmama Hərəkatının sədri və aparıcı üzvü kimi onların səslərini dünyaya çatdırmaq, hüquqlarını müdafiə etmək bizim borcumuz olub. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Biz bu ölkələri keçmişin çirkin qalığından xilas etmək istəyirik. Prezidentin də qeyd etdiyi kimi, məqsədimiz ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirməkdir”. (APA)