18.10.2024, 22:14
AZ EN
03.08.2024, 18:15 249

Politoloq: Qərb üçün əsas məsələ Ermənistan vasitəsilə hədəflərinə nail olmaqdır

YAZILAR
  • Son dövrlər Ermənistana edilən səfərlər, bu ölkəyə müxtəlif adlar altında yardımların göstərilməsi, Samanta Pauerin səfəri və qoltuğunda gətirdiyi beş milyonun ardınca Avropa Sülh Fondundan ayrılan milyonlarla avro dəyərində yardım, müxtəlif hərbi təlimlər adı altında ABŞ ilə Ermənistan arasında əməkdaşlığın davam etdirilməsi, Vaşinqtonun Ermənistan Müdafiə Nazirliyində xüsusi müşavirliyinin yaradılması haqda qərarlar təəssüf ki, Cənubi Qafqazda sülh prosesinin formalaşmasına xidmət göstərmək əvəzinə, qonşu ölkə cəmiyyətində revanşist əhvali-ruhiyyənin genişlənməsinə şərait yaratmaqla bərabər, regionda sülh münasibətlərinin qurulması, sülh müqaviləsinin imzalanması üçün ciddi təhdidlər formalaşdırır. Təbii ki, burada çox ciddi hədəflər, məqsədlər var. Bir sıra Qərb dairələri təəssüf ki, heç də Cənubi Qafqazda əmin-amanlığın, sülhün bərpa olunmasını qəbul etmək istəmirlər. Əksinə, onlar sülh münasibətlərinin formalaşmasını özlərinin neoimperialist maraqları üçün ciddi zərbə kimi qiymətləndirirlər. Məsələn, Yeliseyin, Ağ Evin Cənubi Qafqazla bağlı planlarında bölgənin sabitləşməsi, barış regionuna çevrilməsi onların qarşıya qoyduqları hədəflərlə tam ziddiyyət təşkil edir.

Bu sözləri politoloq Anar Əliyev söyləyib.

Politoloq bildirib ki, əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, Fransa, ABŞ kimi dövlətlərə və bəzi Avropa təsisatlarına, onların iki cəmiyyət arasında münasibətlərin normallaşması ilə bağlı ehtiyaca zərurət aradan qalxmış olacaq. Bunu yaxşı dərk edən həmin dairələr iki ölkənin münasibətlərini davamlı şəkildə nəzarət olunan gərginlikdə saxlamağa çalışırlar. Xüsusilə nəzərə alsaq ki, həmin dairələr Rusiya-Ukrayna müharibəsi planı ilə Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılmasına ciddi şəkildə nail ola bilmədilər. Belə bir şəraitdə indiki şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını qəbul etmək və bu cür şərtlərin reallaşmasına imkan vermək istəmirlər. Digər tərəfdən, bu gün Ermənistan cəmiyyətində revanşist düşüncəli, hansısa məchul zamanda Azərbaycanla yenidən müharibəyə başlamaq və Azərbaycanın işğaldan azad etdiyi torpaqların geri qaytarılması ümidinin formalaşdırılmasına xidmət edən addımlar atılır. Bugünkü yanaşmalar, eyni zamanda, aprelin 5-də absurd ABŞ-Avropa-Ermənistan formatı çərçivəsində keçirilən görüşlər, bu ölkəyə göstərilən yardımlar məhz gələcəyə ümidli əhvali-ruhiyyənin militarist, revanşist, işğalçı Ermənistan düşüncəsinin böyüməsinə, genişlənməsinə, alovlanmasına xidmət edən yanaşmadır. Qərbin buradakı başlıca hədəfi bölgədə davamlı olaraq münaqişə mühiti formalaşdırmaqla Azərbaycanın nəticə etibarilə Türkiyənin, digər region dövlətlərinin bölgədəki təsir imkanlarını zəiflətmək, özlərinin neqativ təsir mexanizmlərini daha da genişləndirmək və bunun vasitəsilə maraqlarını təmin etməkdir.

“Digər vacib məqamlardan biri təbii ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağı, sülh münasibətlərinin formalaşacağı təqdirdə, nəqliyyat kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin reallaşması olacaq. Neoimperialist Qərbdə vahid mövqe bundan ibarətdir ki, böyük istehsalçı cəmiyyət olan Çinin məhsullarının dünya bazarlarına, xüsusilə də Avropa bazarına çatdırılmasında çox mühüm xətt olan Orta Dəhlizin Zəngəzur qolunun Azərbaycanın, Türkiyənin, daha böyük mənada Rusiya və Çinin nəzarəti altında reallaşması ABŞ başda olmaqla, onun ətrafında birləşən kollektiv Qərbin qlobal güc iddialarına böyük zərbə vura bilər. Bu mənada hesab edirəm ki, bu gün Cənubi Qafqazda baş verən proseslər regional xarakterlə yanaşı, həm də geostrateji məna daşıyır. Təəssüf ki, bugünkü hadisələr heç də qlobal təhlükəsizliyə təhdid yaradan proseslərin aradan qaldırılmasına xidmət etmir. Tam əksinə, Qərb bölgədə sülh perspektivinin formalaşması imkanlarına zərbələr vurmaqla regionu yenidən qarışdırmaq, münaqişə, müharibə mühiti yaratmaq, bununla da “bulanıq suda balıq tutmaq daha rahatdır” prinsipi ilə öz maraqlarını, iddialarını rahat şəkildə həyata keçirmək istəyir”, - deyə politoloq vurğulayıb.

Həmçinin diqqətə çatdırılıb ki, Qərb dairələri bu gün Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşdırmağa çalışdıqları Ermənistan cəmiyyətinə müəyyən şirnikləndirici vədlər verməklə burada az da olsa, qalan rusmeyilli təsəvvürləri, yanaşmaları tamamilə dəyişmək, Moskvanın bölgəyə təsir imkanlarını daha da azaltmağa çalışırlar. Bu istiqamətdə hətta Ermənistan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişinin təmin olunması, Ermənistana ciddi maliyyə və enerji dəstəyinin göstərilməsi kimi mühüm məsələlər göz önündədir. “Hesab edirəm ki, Ermənistan vətəndaşlarına Avropaya vizasız gediş-gəlişin təmin olunması, viza liberallaşdırılması kimi proseslərin başladılması bu dövlət üçün daha ciddi təhdidlər yarada bilər və yaradacaq. Çünki burada ən böyük zərbəni yenə Ermənistan cəmiyyəti almış olur. Məhz rahat viza və ya vizasız şəraitdə Avropaya gediş imkanı kifayət qədər ciddi demoqrafik problem yaşayan Ermənistanda insanların kütləvi köçünə gətirib çıxaracaq. Bəlkə də yüz minlərlə insanın Ermənistanı qısa müddətdə tərk etməsi ilə nəticələnəcək. Bu isə Ermənistanın gələcəyi üçün daha ciddi təhdidlər formalaşdıracaq. Qərb üçün əsas məsələ yenə də Ermənistan və onun problemlərinin həlli deyil, bu ölkə üzərindən öz hədəflərinə nail olmaqdır. Digər hədəflərdən biri təbii ki, ucuz işçi qüvvəsi əldə etmək və onların vasitəsilə Avropada son dövrlər özünü göstərən ciddi işçi probleminin müəyyən mənada aradan qaldırmaqdır. Təbii ki, burada bir məqsəd, hədəf də guya Avropanın, Qərbin öz müttəfiqlərinə qarşı sədaqətli olduğunu, davamlı ciddi addımlar atdığını, onları axıra qədər müdafiə etdiyini göstərməkdir. Amma təbii ki, nümunələr göz qarşısındadır. Həm 2008-ci il Gürcüstan hadisələri, həm 2014-2022-ci illər Ukrayna hadisələri hesab edirəm ki, Ermənistan üçün ciddi dərs olmalıdır. Ermənistan qonşularının başına gətirilənlərdən, yaşadığı faciələrdən, Qərbin bu hadisələrə sərgilədiyi münasibətdən, tutduğu mövqedən düzgün nəticə çıxarmalıdır. Nicatını, xilas yolunu Avropada, okeanın o tayında deyil, qonşularla xoş münasibətlərdə, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasında tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan üçün yol xəritəsi hesab olunacaq təkliflərlə çıxış edib. Düşünürəm ki, məhz dövlətimizin başçısının qeyd etdiyi beynəlxalq hüququn prinsiplərinə, haqqa, ədalətə, reallıqlara, reallığın şərtlərinə uyğun olan bu təklifləri düzgün dəyərləndirməklə Ermənistan, əslində, Cənubi Qafqaz ailəsinin bərabərhüquqlu bir üzvünə çevrilə, eyni zamanda, özü üçün perspektivdə formalaşa biləcək təhdidlərdən təhlükəsizlik çətiri qazana bilər. Burada başlıca rol məhz Azərbaycan və Türkiyədir. Bunu Ermənistan cəmiyyəti və dövləti düzgün dəyərləndirməyi bacarmalıdır”, - deyə A.Əliyev vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər