19 dekabr 2024-cü il tarixində ölkəmiz Misirin paytaxtı Qahirədə daha bir diplomatik uğura nail oldu. Azərbaycan İslam 8-liyi olaraq da tanınan inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına yekdilliklə üzv qəbul olundu. Bu qərar D-8 təşkilatının sıralarının ilk dəfə genişləndirilməsi kimi tarixə düşdü. İlk növbədə təşkilata üzvlük digər üzv ölkələrlə ticarət əlaqələrini genişləndirməyə, enerji, kənd təsərrüfatı texnologiya kimi sahələrdə geniş imkanlar qazanmağa kömək edəcək. Ekspertlər bildirir ki, bununla üzv ölkələrə ixlacın şaxələndirilməsi, o cümlədən xarici investisiyaların cəlbinə nail olunacaq.
“D-8 təşkilatı həm ölkəmizin iqtisadi rifahının artırılmasına kömək olacaqdır. Eyni zamanda bu təşkilatın struktur, rasional baxımından inkişafına da bir sıra töhfələr verə bilər. Bu təşkilat çox milyonluq əhalini, böyük potensialı olan əraziləri əhatə edir və bu baxımdan bu təşkilata üzvlük həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha möhkəmlənməsinə xidmət edəcəkdir”.
Bu fikirləri politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən mətbuata açıqlamasında deyib.
Azərbayanın da üzv ölkələrə verə biləcəyi çoxlu sayda dividentlər mövcuddur. Əlverişli geosiyasi mövqe, geniş iqtisadi potensial və modern nəqliyyat infrastrukturu üzv ölkələr üçün böyük imkanlar vəd edir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsində əsas faktordur. Bununla belə ölkəmiz qlobal arenada da siyasi proseslərə təsir imkanları qazanıb. Təşklatın əhatə etdiyi regionlarda müharibələrin və münaqişələrin intensivliyini nəzərə alsaq, Azərbaycanın bu məsələdə də təşkilatın məqsədlərinə töhfə verəcəyinə heç bir şübhə yoxdur.
Politoloq daha sonra qeyd edib ki, Azərbaycan həm Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Dünyada müxtəlif coğrafiyalar arasında körpülərin, bağlantıların, əlaqələrin möhkəmləndirilməsinə töhfə verir: “Ərazi bütövlüyünü və suvernliyini təmin etmiş dövlət kimi bizim üçün qlobal miqyasda sülh və təhlükəsizlik , əmin-amanlıq, iqtisadi tərəfdaşlıq, qarşılıqlı faydaya əsaslanan bərabər hüquqlu münasibətlərin qurulması mühüm prioritetdir”.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildən bəri Beynəlxalq İqtisadi Əməkdaşlıq sahəsində vacib bir platformadır. Təşkilata üzv olan ölkələr üç qitəni əhatə edir və ümumdaxili məhsulları 4 trliyon, üzv ölkələrin ticarət dövriyyəsi isə 130 milyard ABŞ dollarından çoxdur. Əhalisinin sayı isə dünya müsəlmanlarının 60 faizini təşkil edir.
Tahirə AĞAMİRZƏ