08.09.2024, 06:13
AZ EN
15.07.2024, 15:35 320

Arşak Karapetyanın etirafı və... xam xəyalı

YAZILAR
  • Ermənistanın keçmiş müdafiə naziri, üç il Nikol Paşinyanın hərbi məsələlər üzrə müşaviri olmuş, hazırda müxalifətdəki “Ümumerməni cəbhəsi” hərəkatına rəhbərlik edən Arşak Karapetyan Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verib (https://iz.ru/1725490/igor-karmazin/azerbaidzhan-mozhet-napast-snova).

O, iddia edir ki, yaxın bir-iki il ərzində müharibənin baş verəcəyini və Ermənistanın da bu müharibəni uduzacağını hələ 2018-ci ildə birmənalı olaraq proqnozlaşdırıbmış. Bu zaman nəyə əsaslandığını isə erməni general belə izah edib: “Kifayət qədər statistika və açıq məlumatlar var idi. Məsələn, 1990-cı illərdə Ermənistan və Azərbaycanın demoqrafik göstəriciləri az-çox bərabər idi. Əhalimiz 4 milyona yaxınlaşırdı, qonşularımız isə 6 milyona yaxın idi. Biz, ilk növbədə, erməni millətindən olan sovet zabitlərinin sayəsində daha tez təşkilatlana bildik və bunun sayəsində qalib gəldik. 30 ildən sonra Ermənistanda  2,5 milyon insan qaldı, Azərbaycanda isə, əksinə, əhali 10 milyonadək artdı. Büdcəni və silahlı qüvvələri müqayisə etmək mümkünsüzdür. Onların 150 minlik ordusu, 800 min nəfərlik səfərbərlik ehtiyatı vardı, bizimki bundan dəfələrlə az idi. Azərbaycan silah, texnika və atəş gücü baxımından da mütləq üstünlüyə nail olmuşdu. Belə şəraitdə perspektivlər kifayət qədər aydın görünürdü.

Üstəlik, təmas xəttində artıq vaxtaşırı problemlər yaranırdı. Məsələn, 2020-ci il iyulun 12-də ölkələrimiz arasında mövqelərdən biri üzərində toqquşmalar baş verdi. Bundan sonra Paşinyana dedim ki, mənim fikrimcə, Azərbaycan artıq bir ay və ya ayyarım ərzində tammiqyaslı hərbi əməliyyatlara başlamaq barədə siyasi qərar qəbul edib”.

Arşak Karapetyan müharibənin qarşısını almaq üçün əsas müttəfiqadən – Rusiyadan kömək istəməyi təklif edib. Lakin onu eşidən olmayıb.

Sabiq müdafiə naziri 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticələrinə də münasibət bildirib. O deyib: “2023-cü ilin sentyabrında başqa bir səhv baş verdi. Müqavimət üçün bütün şərait mövcud olsa da, Qarabağ, praktiki olaraq, döyüşsüz təslim edildi. Yalnız Qarabağdakı silahların dəyəri 5 milyard dollar idi, məsələn, orada tank və artilleriya alayları var idi, bütün texnika döyüşə hazır vəziyyətdə idi, ekipajlar təlim keçmişdi. Bütün bunları şəxsən mən yoxlamışdım. Üstəlik, azərbaycanlıların hücumundan sonrakı ilk saatlarda doğrudan da müqavimət var idi...”

Beləliklə, Ermənistan silahlı qüvvələrinin bir sıra birləşmələrinin 2023-cü ilin sentyabrınadək Qarabağda mövcud olduğunu Arşak Karapetyan şəxsən etiraf edir. Bundan başqa, onun fikrincə, Azərbaycan Türkiyə ilə əlaqə üçün Naxçıvana quru yol açmaq istədiyindən  regionda yeni müharibə ehtimalı qalmaqdadır. “Lakin belə bir planın gerçəkləşdirilməsindən Azərbaycan özü ciddi zərbə alacaq,” - deyən Arşaq Karapetyanın xam xəyalına görə, “əgər silahlı hücuma cəhd olarsa, o zaman hansısa Qərb koalisiyası Azərbaycanı işğal etmək üçün əlverişli bəhanə tapacaq. Bundan sonra respublika hissə-hissə parçalanacaq və neft və qaz ucuz qiymətə Qərbə göndəriləcək. Ümumiyyətlə, İraq və ya Liviya ssenarisi təkrarlanacaq. Ona görə də Ermənistan müəyyən mənada Azərbaycanın mövcudluğunun buferi və hətta qarantıdır”.

Erməni generalın 44 günlük müharibə ilə bağlı gerçəkləri etiraf etdikdən sonra, belə xam xəyallar qurması onun psixoloji keçirməsinin əlamətidir. Ermənilər hələ də Qərbdən kimlərinsə gəlib, onların əvəzinə Azərbaycanla cəngə girəcəyini düşünürlər.  Bu təzə erməni mifi üçün bir “variantdır” və necə deyərlər, heç itin də ağlına gəlməyənlər karapetyanların ağlına gəlir...

“Vətən səsi”

Oxşar xəbərlər