21.11.2024, 22:19
AZ EN
23.05.2024, 16:33 336

İran-Azərbaycan münasibətləri regionun inkişafına töhfə verəcək

YAZILAR
  • Bəzi xarici dairələr Azərbaycan-İran münasibətlərinin gərgin olmasında və bundan öz məqsədləri üçün istifadə etməkdə maraqlıdırlar.

“İranla Azərbaycan arasında münasibətlər mühüm əhəmiyyət kəsb edir. Birincisi, ona görə ki, tarixi qonşuluq vardır. Digər tərəfdən birgəyaşayış münasibətlərinin qurulması üçün iradə mövcuddur və artıq regional münasibətləri, regional əlaqələri qurmaq, onların davamlılığını təmin etmək üçün biz tərəfdaşlıq münasibətlərində çıxış yolunu görürük”.

Bunu Politoloq İlyas Hüsenyov  məsələ ilə bağlı CBC-yə açıqlama verərkən deyib.

Politoloq qeyd edib ki, eyni zamanda kənar oyunçuların regiona daxil olmaması əsas tezisdir. Yəni 3+3 formatında da  görüşlərin əsas mahiyyəti bundan ibarətdir ki, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları və digər geopolitik mərkəzlər regiona  öz maraqların naminə daxil ola bilməsinlər. Yəni İranın ümumi xarici siyasət konsepsiyasında bu fikirlər yer alır: “Azərbaycan üçün də bu yanaşmalar keçərlidir. Məqbul hesab olunur. Çünki biz regionu yaxşı tanıyırıq. Regionun tarixini yaxşı bilirik. Kənar oyunçuların bu bölgəyə gəlmə səbəblərindən də məlumatlıyıq. Ona görə də burada strateji baxışlar üst-estə düşür və eyni zamanda regional layihələri həyata keçirmək həvəsi də artır. Xüsusilə vurğulamaq istəyirəm ki, sərhəddə Azərbaycan və İran Prezidentlərinin görüşü tarixi əhməiyyətə malik idi. Şübhəsiz ki, bu münasibətlərin inkişafı üçün keyfiyyətcə yeni müstəvini formalaşdırırdı. Çox önəmli mesajlar verildi. Həddindən artıq səmimi yanaşmalar var idi. Bu, həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm İranın mərhum prezidenti İbrahim Rəisinin fikirlərində yer alırdı və bildirilirdi ki, kimsə bizim dostluğumuzu qəbul edə bilmirlərsə, qəbul etmək etmək istəmirlərsə, bu iki dövlət arasındakı münasibətlərə girərək düşmənçilik toxumu səpirlərsə, onlar yalnız kənardan seyr etsinlər, öz işləri ilə məşğul olsunlar. Demək olar ki,  Bəyanatlar bir-birini təkrarlayırdı, üst-üstə düşürdü.  Dostluq, tərəfdaşlıq yanaşmaları, bu normativlər hiss olunurdu. Bu da çox müsbət bir haldır”.

İ.Hüseynov daha sonra bildirib ki, eləcə də Xudafərin və Qızqalası hidroqovşaqlarının istifadəyə verilməsi həm ölkənin enerji asılılığının ödənilməsi baxımından əhəmiyyətlidir, həm də kənd təsərrüfatı istiqamətində suvarma sistemlərinin qurulması üçün də olduqca maraqlıdır, həm də bölgənin inkişafına yönəlmişdir: “Eyni zamanda, bəzi dinləyicilərimiz  bəlkə, bu məsələdən xəbərsizdir. Mən deyərdim ki, artıq bunun özülü bu danışıqlar, bu layihənin əmələ gəlməsi, yaranması üçün hətta Vətən müharibəsindən əvvəl də danışıqlar gedirdi və əməkdaşlıq münasibətləri qurulmuşdu. Vətən müharibəsində biz gördük ki, artıq Azərbaycan nə qədər uzunmüddətli, gələcəyə hesablanmış, bölgənin inkişafı naminə addımlar atdı və biz bu addımları İranla birgə atmışıq. Bu gün İranla Azərbaycan arasında hər hansısa ziddiyyətlərin axtarışında olan qüvvələr də bunu bilsinlər. Ona görə də cənab Prezidetin məhz İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə səhər saatlarında getməsi, burada xatirə kitabını yazması, iranlı diplomatlarla görüşü və verdiyi mesajlar müstəsna əhəmiyyətə malikdir. Görüş də bildirdiyim kimi, tarixi görüşdür, münasibətlərin daha da inkşiaf etməsi üçün xüsusi dəyərləndirilməlidir. İranda Azərbaycan səfirliyinin də yeni binaya köçürülməsi və orada təhlükəsizlik tədbirlərinin görülməsi, səfirin yenidən fəaliyyətini təmin etməsi ikitərəfli münasibətlərə töhfə verəcək, diplomatik kanallar işə düşəcək və bu da müsbətdir ki, Bakı-Tehran əlaqələrinin inkişafını stimullaşdıracaq”.

Politoloqun fikrincə, İran daxilində siyasi qüvvələr yekdil deyil. Müxtəlif fikirlər var, müxtəlif regional və qlobal miqyasda siyasi konsepsiyalar və onların inkişaf perspektivləri mövcuddur. Bu da aydırdır ki, İran böyük dövlətdir. Böyük ərazilərdə maraqları var: “Xüsusilə Yaxın Şərqdə bu gün cərəyan edən proseslər fonunda. Cənubi Qafqaza münasibətdə də orda da güclü beyin mərkəzləri işləyir. Bunu da qəbul etmək lazımdır. Ölkəmizə münasibətdə də  fikirlər müxtəlif olsa da, Azərbaycanın regional geostrateji imkanlarının dəqiq analizini etmək önəmlidir. Azərbaycanın bölgədəki rolunu, tarixi əhmiyyətini araşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla yanaşı, həm də qardaş Türkiyə ilə  münasibətlərin mehriban qonşuluq münasibətləri formatında bütün bölgənin inkişafını müəyyən edəcəkdir və elə qardaş Türkiyə də  həm “AKINCI” pilotsuz uçuş aparatını təmin etməsini İran dövlətinə də göstərir ki, biz belə bu çətin vəziyyətlərdə, fəlakət olanda, hər hansısa təbii fəlakət baş verəndə belə bir-birimizin yanında olmalıyıq. Bizim üçün regional əməkdaşlıq həm də bax, bu, çətin durumlarda da özünü göstərir. Necə ki, biz Azərbaycan olaraq, Türkiyə  olaraq da İran dövlətinin və xalqının yanında olduq, kədərini bölüşdük. Cənab Prezident də öz başsağlığını bildirdi, həm xarici işlər naziri, həm də prezidentə, eləcə də bütün helikopterdə olan şəxslərə. Bu, mənə elə gəlir ki, qardaşlıq mesajlarıdır. Dostluq mesajlarıdır. Əlbəttə ki, böyük fəlakətdir, böyük faciədir. Lakin münasibətləri inkişaf etdirmək üçün əldə olunmuş razılıqları davam etdirmək önəmlidir. Azərbaycan-İran möhkəm təməllər üzərində dayanmalıdır. Çünki  regiona qənim kəsilən qüvvələr çoxdur. Regionda təlatümlər yaratmaq, Cənubi Qafqazı silkələmək, çalxalamaq məqsədləri güdənlər də az deyil”.

İ.Hüseynov daha sonra əlavə edib ki, bu gün qonşu Ermənistanda və Gürcüstanda baş verən hadisələr də dediklərimizi təsdiqləyir. Ona görə də İran-Azərbaycan münasibətləri gerional təhlükəsizlik və əməkdaşlıq, iqtisadi fəaliyyətin daha da genişlənməsi, Şimal-Cənub nəqliyyat-marşrutunun həcminin artırılması, Rəşd-Astara dəmir yolu şəbəkəsinin daha da modernləşdirilməsi və eləcə də böyük coğrafiyada, iqtisadi-ticarət münasibətləri inkişaf etdirmək, Hind Okeanı, Fars Köfrəzi və Şimal Dənizlərə çıxış və Avropaya ticari yüklərin daşınması əsas hədəfdir. Bunu Xəzər Dənizi vasitəsilə, Azərbaycan ərazisi vasitəsilə də etmək mümkündür. Daha da geniş ticari rəqəmlərə çatmaq hədəfdir. Yəni bütün bunlar  üzərində işləmək lazımdır. Mənə belə gəlir ki, buna da nail ola biləcəyik”,- deyə politoloq fikrini ifadə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər