İyulun 5-də «Hraparak» qəzetində dərc olunmuş «Azərbaycan Ukraynaya yardım edir» sərlövhəli yazıda qeyd olunur ki, Sumqayıt şəhər icra hakimiyyəti Ukraynaya 50 ton humanitar yardım göndərib. Uzun müddət xarab olmayan ərzaqlardan, dərmanlardan, uşaq qidalarından və müxtəlif ölçülü geyimlərdən ibarət olan həmin humanitar yardım artıq Varşavaya çatıb, oradan isə Ukraynanın Çerkas vilayətinə göndəriləcək. Qeyd olunur ki, sözügedən humanitar yardım Çerkas qubernatorunun Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etməsindən sonra göndərilib. Ermənilər bu humanist olaydan istifadə edərək Sumqayıt şəhərini öz soydaşlarına yenidən «tanıdırlar». Onlar həyasızcasına qeyd edirlər ki, 1988-ci il fevralın axırında Sumqayıtda guya erməni qırığını törədilib. Fəlakətə sevinən, hər bir olayı özlərinə uyğun şəkildə həyasızcasına təhrif edən ermənilər unudurlar ki, hələ 1988-ci il martın ortalarında Paruyr Hayrikyan Sumqayıt hadisələrinin məhz SSRİ DTK-sı tərəfindən törədildiyini açıqladığına görə həbs edilmişdi. Sonra o, Fransadakı erməni diasporunun köməkliyi ilə həbsdən azad olunmuş və bir müddət Fransaya gedib, orada yaşamağa məcbur olmuşdu. Bu gün erməni müxalifətinin istefasını tələb etdiyi Baş nazir Nikol Paşinyan isə hələ 2008-ci il fevralın axırlarında «Haykakan jamanak» qəzetində yazmışdı ki, Sumqayıt hadisələrini rəsmi Moskva özü təşkil edib. Xocalıda dinc azərbaycanlı əhalinin soyqırıma məruz qalması isə həm də Moskvanın əməlinin göstəricisidir. Xatırladaq ki, həmin fikirlərə görə o, həbs edilmişdi. Göründüyü kimi, ermənilər öz genetik xüsusiyyətlərindən heç vaxt əlçəkmək fikrində deyillər və indi çətin günlərini yaşayan Ukraynaya göndərilən humanitar yardım üçün göz yaşı tökürlər.
Nəsib Qaramanlı