Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə KTMT-nın Ermənistana müşahidə missiyası göndərilməsi barədə sənədin hələ də masa üzərində olması barədə açıqlama verməsi Ermənistan mediasında yenidən müzakirə mövzusuna çevrilib. Avropa İttifaqının Ermənistan üzrə müşahidə missiyasının fevralın 20-də fəaliyyətə başlayacağını xatırladan "Hraparak" əlavə edir ki, hakimiyyət həmin vaxtadək yekun siyasi mövqe bildirməlidir. Yerigəlmişkən vurğulayaq ki, adı mülki müşahidə missiyası olan həmin qrupda ehtiyatda olan zabitlərin də təmsil olunacağı ilk dəfə məhz ermənilərin özləri tərəfindən açıqlanmışdı və bu xəbəri dərhal saytımızda yerləşdirmişdik. Ermənilər sonra həmin açıqlama barədə olan videoçarxları silsələr də bu artıq cəmiyyətdə və mətbuatda müzakirə olunmaqdadır. Tarixən kiminsə kölgəsinə sığınan hayların indi Avropanın qoltuğuna sığınmaq istəyi isə, əlbəttə, Moskvadan sərt mesajlar edilməsinə səbəb olmalı idi.
İndi başı iki daş arasında qalan hay iqtidarının öz əməllərinə yenidən baxmaq məqamı çatıb və jurnalist Lusine Şahverdiyanın bu barədə yazısında da vurğulandığı kimi, ikibaşlı siyasət nəticəsində Ermənistanın onsuz da kağız üzərində olan müstəqilliyi tarixin arxivinə düşə bilər.
N.Qaramanlı