“Əbu-Dabi görüşü tarixi bir görüşdü, bu birnənalı olaraq bu formatda, bu şəkildə heç bir vasitəçi olmadan görüşün təşkil olunması böyük önəm daşıyır”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Millət vəkili əlavə edib ki, çox vacib məqamı qeyd etmək istəyirəm: “Cənab Prezidentin əlini uzadaraq Ermənistanın baş nazirinə və eyni zamanda onu müşaiyət edən nümayəndə heyəti ilə salamlaşması, baxmayaraq ki, Azərbycan qalib tərəfdi, bu, cənab Prezidentin böyüklüyünün, səmimiliyinin, eyni zamanda Azərbaycan tərəfinin tam hazır olduğunun göstəricisidir. Yəni, bu bir mesajdır ki, biz hazırıq, biz bir yerdə yaşaya bilərik və bir yerdə bu bölgədə əməkdaşlığımızı gücləndirə bilərik. Ən önəmli məqamlardan biri heç bir vasitəçinin olmamasıdır. Biz dəfələrlə müxtəlif platformalarda, istər Avropa olsun, istər digər ölkələrin vasitəçiliyi ilə addımlamaq istədik. Amma proses göstərdi ki, tərəflərin hamısının marağı var və bir sıra hallarda da qərəzli yanaşırlar.
Əbu-Dabi görüşü bir daha göstərdi ki, Azərbaycan bölgədə sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin bu yanaşma yalnız ölkəmizin suveren hüquqları və ərazi bütövlüyü tam təmin oldunduğu halda mümkündür. Prezident İlham Əliyevin bu mövqeyi təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesaj xarakteri daşıyır.
Azərbaycanın həyata keçirdiyi siyasət – güclü diplomatiya, dəmir iradə və strateji baxış üzərində qurulub. Əbu-Dabi görüşü də bu xəttin növbəti nümunəsi oldu”.
Azərbaycanın mövqeyi aydındır: sülh istəyirik, amma heç zaman haqq və hüquqlarımızdan geri çəkilməyəcəyik. Bu qətiyyətli yanaşma bölgədə dayanıqlı sabitliyin əsas təminatıdır.
Tahirə AĞAMİRZƏ