23.12.2024, 15:39
AZ EN
04.02.2022, 16:00 186

“Türkiyə ilə dil tapmalıyıq”

YAZILAR

Tarixdə yaranan hər bir reallıq zamanı özlərinin əsassız iddialarını həyata keçirmək üçün müxtəlif üsullardan istifadə etməyə vərdişli olan ermənilər cari ilin yanvarın axırları və fevralın əvvəllərində də bu ənənələrini davam etdiriblər.

Məlum olduğu kimi, ilk dəfə Nikol Paşinyanın «Haykakan Jamanak» qəzetində «dekorativ prezident» adlandırdığı Armen Sarkisyan yanvarın 23-də istefa ərizəsini yazdıqdan sonra bir həftə ərzində həmin ərizəni geri götürmədiyindən parlamentdə onun istefası təsdiqlənmiş və qanuna görə prezident səlahiyyətlərinin icrası Ermənistan Milli Məclisinin sədri Alen Simonyana keçmişdir.  «Post» qəzeti özünün 3 fevral tarixli sayında dərc olunmuş «Vətəndaş müqaviləsi» prezidentliyə 5 namizəd nəzərdə tutub» yazısında göstərir ki, Paşinyan hələ namizədlər üzərində düşünür və ola bilər ki, o artıq elan olunmuş Vahaqını deyil, başqasının namizədliyini də irəli sürsün və kimin prezident seçiləcəyi məsələsini milli məclisin boynuna atsın. Qə­zet yazır ki, sözügedən namizədlərdən biri qadındır və həmin qadın Anna Akopyanın yaxın rəfiqəsidir. Bu nəşr həmçinin əlavə edir ki, Ermənistanda kim prezident seçilsə də, o, dekorativ, müqəvva olacaqdır.

Ermənistan Milli Məclisinin sədri, Ermənistan respublikasının prezidenti səlahiyyətlərini icra edən Alen Simoyanın qaynanası Armine Ohanyanın baş redaktor olduğu «Hraparak» qəzetinin 3 fevral tarixli sayındakı «Prezident aparatında işdən çıxma növbəsi yaranıb» sərlövhəli yazıda A.Sarkisyanın istefasından sonra A.Simonyanın prezident aparatının bir neçə yüksək vəzifəli işçisini işdən azad etdiyi və bu prosesin davamlı olacağını bildirir. Qəzet onu da yazır ki, əgər yeni təyinatlar «dost, quda, tanış» prinsipi ilə aparılarsa, vəziy­yət əvvəlkindən də acınacaqlı olacaqdır.

Həmin qəzetin sözügedən sayındakı «Rusiya «desant» atıb» sərlövhəli yazıda isə vurğulayır ki, Üçtərəfli Bəyannamədən sonra Ermənistanda anti-rus meyillər və çıxışlar artmışdır. Ona görə də yanvarın axırlarından indiyədək bir sıra Rusiya rəsmiləri və siyasətçiləri Ermənistana «de-sant» atılır ki, ölkədəki anit-rus əhval-ruhiyyəni sıfıra endirsinlər.

Bununla bağlı həm rəsmi, həm də ictimai qurumlarda müxtəlif təbliğat xarakterli söhbətlər aparılmasını vurğulayan qəzet onu da bildirir ki, Rusiya ilə Ermənistan strateji müttəfiqdirlər və onları heç bir qüvvə ayıra bilməz.

«Joğovurt» qəzetinin «44 günlük müharibədə iştirak etmiş hərbi qulluqçuların bağışlanılmasına başlanılıb» sərlövhəli yazıda göstərilir ki, 2020-ci ilin 26 sentyabrı da daxil olmaqla ağır və orta dərəcəli cinayət törətməyən hərbi qulluqçular Ermənistan istintaq komitəsinin 2021-ci ilin avqus­tunda təşəbbüs göstərdiyi bağışlama qaydası ilə həbsdən azad oluna bilərlər. Amma bu 2020-ci il noyabrın 10-dan 2021-ci ill yanvarın 31-dək cinayət törədənlərə şamil edilmir.

Artıq bu məsələ ilə bağlı işlərə başlanılıb və yüngül hesab olunan cinayət törətmiş hərbi qulluqçuların həbsdən azad edilərək Azərbaycanla sərhəd mövqelərə göndəriləcəyi prosesinə start verilib. Bu məsələ parlamentdəki «Şərəfim var» blokunun üzvü, insan haqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının sədri Takuhi Tovmas­yan tərəfindən də geniş izah olunub və araşdırmaların ədalətlə aparılmasının va­cibliyi vurğulanıb. Ermə­nistan İstintaq komitəsinin bu təşəbbüsü övladları məhbus həyatı yaşayanlar arasında əhval-ruhiyyəni yüksəldib və həmin qəzetin yazdığına görə, bu proses ədalətlə aparılmasa, yeni aksiyalar başlayacaqdır.

«Lurer» xəbər agentilyindəki «Azər­bay­can və Türkiyə Ermənistana dostluq əllərini uzadıb» sərlövhəli təhlili yazıda göstərilir ki, Türkiyənin və Azərbaycanın müdafiə na­zirləri görüşərkən Hulusi Akarın dediyi bu sözlər Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Bəzi anlitiklər Azərbay­can və Türkiyəyə qarşı yenə də qərəzli mövqe sərgiləyərək bildiriblər ki, onlara inan­maq olmaz. Amma qonşularla sülh şəraitində yaşamağın Ermənistanın özü üçün daha sərfəli olduğunu bildirən ermənilər də var.

Türkiyə-Ermənistan münasibətlərinin qurulması və hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etməsinin tərəfdarı olan H.Akopyan adlı istifadəçi qeyd edir ki, «bizim qonşumuz Rusiya, Fransa deyil, Türkiyədir. Nəhayət, Türkiyə ilə dil tapmalıyıq». Başqa bir sosial şəbəkə istifadəsiçi isə qeyd edir ki, yüzlərlə erməni Gürcüstan vasitəsi ilə Türkiyəyə yollanaraq ailəsini məhz orada qazandığı pulla dolandırır. Onun yazdıqlarına görə, təkcə son 3,5 ildə Türkiyədə işləyən 67 gənc erməni qızı orada ailə qurub və onların davamçılarının da olacağı istisna deyil.

Türkiyə-Ermənistan danışıqlarında Ermə­nistanın səlahiyyətli nümayəndəsi Ruben Rubinyanın Türkiyə tərəfinin dəvəti ilə Antalyada görüşə razılıq verməsi və onunla birlikdə xarici işlər naziri Ararat Mirzoya­nın da təmsil olunacağı barədə xəbər Ermənistan siyasi arenasında müxtəlif cür qarşılanıb.

Dinc azərbaycanlıların qatili R.Koçaryanın, Serj Sarkisyanın özlərinin və tərəfdarlarının bu görüşə əsl düşmən kimi münasibət göstərmələri bəzi sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Hətta onlardan biri yazıb ki, Ermənistan «şurdvaç qarabağlı»lara görə öz müstəqilliyini itirə bilər. Buna görə də Türkiyə ilə normal münasibətlər qurmaq lazımdır.

Göründüyü kimi, erməni cəmiyyətində qonşularla dinc yanaşı yaşamaq barədə fikirlərə münbət yanaşanlar da var. Amma hazırda reallıq budur ki, Ermənistan cəmiyyəti ənənəvi vərdişlərindən hələ də uzaqlaşmaq fikrində deyil.

Nəsib QARAMANLI

Oxşar xəbərlər