Qarabağdakı qeyri-qanini hərbi birləşmələrin tərksilah edilməsi və onların bölgədən çıxarılması qaçılmaz tələbə çevrilir
“Vətən səsi” xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə minalanmış sahələrin çox mühüm hissəsinin partlamamış sursatlardan təmizləndiyi halda son bir neçə gündə baş verənlər bəzi suallar doğurub. Ekspertlər işğalçı Ermənistanın mina terrorunun qurbanı olanların sayının artmasında başqa amillərin olduğuna diqqət çəkirlər. Xüsusilə dünən Xocavənd istiqamətində baş verən hadisə Azərbaycan ordusunun düşməndən azad etdiyi ərazilərdə təmizləmə aparmasından sonra Qarabağdakı erməni silahlı dəstələrinin yenidən mina tələləri qurmasına dair əsaslı şübhələr yaranır.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da Rusiya sülhməralı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki erməni hərbi birləşmələrinin Azərbaycan tərəfinin minalardan təmizlədiyi zonalarda yenidən mina basdıra biləcəyini istisna etmir. Onun sözlərinə görə, Xocavənddəki mina terrorundan sonra bu şübhələr bir az da artıb: “Bu yaxınlarda hərbi qulluqçumuz ermənilərin mina terrorunun qurbanı oldu. Böyük ehtimalla Rusiya sülhməramlıların erməni terrorçuların həmin ərazidə mina basdırmasına göz yummuşdu. Hətta bəlkə də həmin minalar rusiyalı hərbçilərin “xeyir-dua”sı ilə basdırılmışdı. Bu dəfə isə erməni quldur dəstələri tank əleyhinə mina basdırıblar, səhər saatlarında “Azəravtoyol” ASC-yə məxsus olan yük avtomobili düşüb və 2 mülki vətəndaş dünyasını dəyişib”.
Üzeyir Cəfərov bildirib ki, ermənilərin mina terrorunun qarşısını almaq üçün Azərbaycan hökuməti təcili şəkildə anti-terror əmliyyatlarının başlanmasına qərar verməlidir. Onun fikrincə, erməni silahlı birləşmələri üçtərəfli bəyanatın tələblərinə zidd olaraq Azərbaycanın suveren ərazilərindən çıxarılmayınca bu cür bədbəxt hadislər qaçılmaz olacaq: “Mina terrorunun qarşısının alınması üçün Azərbaycan mütləq antiterror əməliyyatını həyata keçirməlidir. Əgər aidiyyəti dövlət strukturları bu işlə məşğuldursa, dövlətimizə və vətəndaşların həyatına yönəldilmiş qəsdə son qoyulmalıdır. Çünki separatçıların son davranışları da belə deməyə əsas verir ki, revanşsit qüvvələr yenidən fəallaşıb və onlar bölgədə hərbi qarşıdurmanının alovlanmasında maraqlıdır. Biz isə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın tələblərini yerinə yetirilməsini istəyirik. Əgər ermənilər öhdəlikləri yerinə yetirməkdən imtina edirsə, Rusiya sülhməramlı kontingent isə onların bölgədən çıxarılmasına səy göstərmirsə, Azərbaycan tərəfi özünün bildiyi formada hərəkətə keçməyə məcburdur”.
Ehtiyatda olan polkovnik əmindir ki, separatçıların Şuşa istiqamətində atəş açması, Ağdamda minalar basdırması, dünən Xocavənddə, bu gün isə başqa istiqamətdə baş verən mina terroru kimi hadisələr arasında hansısa bağlılıq var: “Bu hadisələr bir daha onu deməyə əsas verir ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirilməlidir. Əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti mina terrori ilə bağlı cinayət işi açıbsa, bunun qarşısı hansı yolla olursa-olsun, alınmalıdır. Hazırkı şəraitdə bunun yeganə yolu anti-terror əməliyyatının keçirilməsinə qərar verməkdir”.
Xatırladaq ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində baş verən qəzada 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviç yeni basdırılmış minaya düşərək həlak olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işinin başladığı qeyd olunub.
Elxan SALAHOV