19.02.2026, 13:41
AZ EN
19.02.2026, 11:56 36

WUF13-ün Bakıda təşkil edilməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır

YAZILAR
  • Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə keçirilməsi şəhərsalma inkişafı baxımından mühüm mərhələ hesab olunur. Forumun Bakı şəhərində təşkil edilməsi region ölkələri üçün dayanıqlı şəhərsalma, innovativ şəhər idarəetmə və ekoloji tarazlığın qorunması istiqamətində beynəlxalq əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, tədbirin Azərbaycan üçün əhəmiyyəti yalnız ev sahibi statusu ilə məhdudlaşmır.

“Bu platforma ölkənin şəhərsalma, infrastruktur modernləşməsi və yaşıl inkişaf sahəsində əldə etdiyi təcrübənin təqdim olunmasına, eyni zamanda, qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsinə şərait yaradır. Forum çərçivəsində şəhərsalma fəaliyyəti proseslərinin idarə olunması, iqlim dəyişikliklərinə uyğunlaşma, şəhərlərdə sosial inklüzivliyin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Forumun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün əsas töhfəsi şəhərlərin dayanıqlığının artırılması istiqamətində ortaq yanaşmaların formalaşdırılması olacaq. Bu, xüsusilə sürətli şəhərsalma, iqlim riskləri və infrastruktur ehtiyaclarının artdığı şəraitdə region ölkələrinin təcrübə mübadiləsini sürətləndirə bilər”, - deyə Aydın Hüseynov vurğulayıb.

Milli Məclisin deputatı əlavə edib ki, forumun təşkili həm də Birləşmiş Millətlər Təşkilatı sisteminə daxil olan UN-Habitat proqramı ilə əməkdaşlığın dərinləşdirilməsi baxımından önəm daşıyır: “Bu çərçivədə şəhər planlaşdırılması, dayanıqlı nəqliyyat, enerji səmərəliliyi, rəqəmsal şəhər idarəetməsi və sosial xidmətlərin keyfiyyətinin artırılması üzrə beynəlxalq layihələrin genişlənməsi gözlənilir. Belə nüfuzlu tədbirin regionda keçirilməsi şəhərlərin qlobal urban inkişaf gündəliyinə inteqrasiyasını sürətləndirəcək, innovasiya və investisiya axınlarını təşviq edəcək. Eyni zamanda, bu təşəbbüs şəhərlərin daha dayanıqlı, inklüziv və rəqabətqabiliyyətli inkişafına töhfə verməklə uzunmüddətli sosial-iqtisadi nəticələr formalaşdıracaq. Beləliklə, WUF13-ün regionda ilk dəfə təşkili təkcə beynəlxalq tədbir kimi deyil, həm də şəhərsalma siyasətinin modernləşdirilməsi, ekoloji dayanıqlığın gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji addım kimi dəyərləndirilir”. (AZƏRTAC)

Oxşar xəbərlər