Bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki Qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 70-dən artıq ölkədən 350-dən çox qonağın qatıldığı Qlobal Bakı Forumu dünya düzənində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalmaqdadır.
Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkanıdır. Müzakirələrdə forum iştirakçıları dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı fikirləri humanizm dəyərlərinin qorunmasına xidmət edirdi.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib.
Bunu, heç şübhəsiz, Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırmaq olar. Çünki Azərbaycan Lideri, ilk növbədə, milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir. Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqe fərqlərinə baxmayaraq, hər zamankından daha çox fəaliyyət birliyinə ehtiyac duyur.
Sirr deyil ki, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq regionunda gərginlik dünya nizamı üçün böyük təhdidlər törədir. Bütün bunlar təbii ki, müxtəlif dövlətlərin keçmiş və indiki rəhbərlərini, beynəlxalq strukturların nümayəndələrini, görkəmli ictimai xadimləri, o cümlədən Nobel mükafatçılarını narahat etməyə bilməz. Bütün bu narahatlıq doğuran məsələlər, eyni zamanda, dünyanı silkələyən meqatəhdidlərə iqlim və ərzaq təhlükəsizliyi kimi əhəmiyyətli məsələlər də forumda müzakirə olunur. Statistikaya görə, bir milyarda yaxın insan qida çatışmazlığı ilə üzləşib və 3 milyarddan çox insan sağlam qida ala bilmir. Bu problemlər artan xərclər, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da mürəkkəbləşir. Bunun fonunda çatdırılma üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır ki, bu da Azərbaycandır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir.
Əlbəttə ki, forum iştirakçılarının qarşısında duran ən mühüm vəzifələrdən biri sürətlə dəyişən dünyada etimad və əməkdaşlığın qurulması üçün yeni formatların və yolların axtarışıdır. Təsadüfi deyil ki, Bakı qlobal geosiyasi fikir mərkəzlərindən birinə çevrilib, burada həll yollarının axtarışı gedir. Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, uzun illər əvvəl irəli sürdüyü təşəbbüslər və layihələr bu gün Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edir - bütün bunlar dünya üçün məhz Azərbaycanın qlobal problemlərin həlli üçün uğurlu yer olduğunu təsdiq edir.
Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. Forum iştirakçıları da çıxışlarında belə mötəbər tədbirin Bakıya tapşırılmasının doğru seçim olduğunu qeyd etdilər. Latviyanın sabiq Prezidenti Egils Levits çıxışında haqlı olaraq qeyd etdi ki, Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır. Onun sözlərinə görə, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə 3300-dən artıq tibbi xidməti əhatə edən icbari tibbi sığortanın tətbiqinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək vurğuladı ki, XI Qlobal Bakı Forumu dünya problemlərinin həlli yollarının tapılmasına önəmli töhfələrini verəcək.
Sonda deputat qeyd edib ki, qlobal çağırışların müzakirə ünvanı olan Bakı dünyanın diqqət mərkəzinə bu dəfə “Parçalanmış dünyanın bərpası”nın həlli yollarını araşdırmaqla düşdü.
Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Davos Dünya İqtisadi Forumu, eləcə də Münxen Təhlükəsizlik Konfransı qədər vacib olan Qlobal Bakı Forumu dünya üçün səmərəli, aktual mövzuların çözülməsi, dialoqun qurulması istiqamətində aparılan müzakirələr bəşərin qurtuluşuna xidmət edir. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenanın mühüm oyunçusu kimi dünyaya sülh carçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir.
Qalib ölkənin rəhbəri kimi Cənubi Qafqazda münaqişəyə son qoyan Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir. Reallıq odur ki, Azərbaycan öz Lideri ilə birgə beynəlxalq aləmdə ədalətin təminatçısı obrazındadır və Bakı Forumu da bu həqiqətin növbəti təsdiqidir. (AZƏRTAC)