16.09.2024, 23:27
AZ EN
16.06.2022, 17:55 238

Erməni xisləti hələ dəyişmir

YAZILAR
  • Ermənistanda artıq 2 aydır ki, davam edən iqtidar-müxalifət qarşıdurması gündən-günə zəifləyir. Buna səbəb isə müxalifətin əhali tərəfindən gözlədiyi dəstəyi almamasıdır. İyunun 15-də və 16-da Ermənistan KİV-lərində yayılmış xəbərlər və analitik yazılar deməyə əsas verir ki, müxtəlif vasitələrə əl atılsa da, baş nazirin istefasına nail ola bilməyən müxalifət indi də yeni erməni hiyləgərliyi işlətməkdədir.

Belə ki, Serj Sarkisyanın müxalifətin lideri adlandırdığı İşxan Sağatelyan iyunun 16-da keçirdiyi mətbuat konfransında yeni tədbirlərə əl atılacağını bildirirək müxalifətin gücsüzlüyünü sığortalamağa çalışıb. Həm o, həm də həmfikirləri bildirirlər ki, artıq küçə mübarizəsindən parlament mübarizəsinə keçmək vaxtıdır. «Hraparak» qəzeti 16 iyun tarixli sayında dərc olunmuş «Müxalifət mübarizəni küçədən parlamentə keçirir» sərlövhəli yazıda göstərir ki, avqust ayının 2-də Nikol Paşinyanın baş nazir seçilməsindən bir il ötür. Mövcud qanunlara görə, 1 il ərzində baş nazirə etimadsızlıq göstərilməsinə yol verilmir. Avqustun 2-də isə parlament müxalifəti bu məsələni qaldıracaqdır. «Hraparak» öz mənbələrinə istinadən xəbər verir ki, baş nazirə etimadsızlıq məsələsinin səsə qoyulması üçün müxalifətə əlavə 25 deputatın səsi lazımdır. «Vətəndaş müqaviləsi» blokunda isə narazılar var. Amma onlar Paşinyanın qəzəbinə gələrək cəzalanacaqlarından qorxduqlarına görə öz mövqelərini açıq-aşkar ifadə edə bilmirlər. Əgər avqust ayının 2-də Paşinyanın istefası barədə gizli səsvermə olacaqsa, həmin adamlar onun əleyhinə səs verəcəklər.

«Fakt» qəzeti isə parlamentin tezliklə məzuniyyətə buraxılacağı barədə xəbər yayıb. Bildirilib ki, artıq yay başladığına görə parlament məzuniyyətə buraxılacaq. Ancaq zəruri hallarda, məsələn, müdafiə, təhlükəsizlik və ya digər fövqəladə vəziyyət məsələlərinin müzakirəsinə ehtiyac yaranarsa, parlament növbədənkənar və təcili iclaslar keçirəcəkdir. Müxalif deputatların 2 aydır ki, parlamentin iclaslarında iştirak etməməsi isə təkcə iqtidaryönlü jurnalistlərin deyil, müstəqil jurnalistlərin də müraciət etdiyi mövzulardandır. Hər iki tərəf bildirir ki, müxalif deputatlar parlamentin iclaslarında iştirak etməməklə intizam qaydasını pozurlar və onlar buna görə çoxdan cavab verməli idilər. Amma həm hökumətin, həm də parlamentin rəhbərləri bu məsələyə hələ də susqunluqla yanaşırlar.

1988-ci il 15 iyun tarixi həm Azərbaycan, həm də Ermənistan üçün yadda qalan gündür. Həmin gün İrəvan dövlət universitetinin tələbələri Ermənistan Ali So-vetinin binası önündə oturaq aksiya keçirərək Dağlıq Qarabağ Muxtar Vilayetinin Ermənistanın tərkibinə qatılması üçün qərar qəbul olunmasını tələb edirdilər. Ermənistan SSR Ali Soveti isə «xalqın istək və tələbini nəzərə alaraq» DQMV-nın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi, həmin qərarın təsdiqlənməsi üçün həm Azərbay­can SSR Ali Sovetinə, həm də SSRİ Ali Sovetinə sənədlər təqdim edildi. Yeri gəlmişkən xatırladaq ki, bu bədnam qərar Ermənistan televiziyasında yayımlanandan bir az sonra Qaraqoyunlu və Göyçə camaatı kütləvi mitinqlərə başladılar və 4 gün ərzində sovxozlara məxsus qoyun sürüləri, iribuynuzlu heyvanlardan ibarət naxırlar sağılmamış, baxılmamış qaldı. Azərbaycanlı mitinqçilər hökumətdən Ermənistan SSR Ali Sovetinin qərarının ləğvini və Qaraqoyunlu ilə Göyçə mahalına muxtariyyət verilməsini tələb edirdilər. İrəvanın təşəbbüsü ilə məsələyə qarışan rəsmi Bakı mitinqlərin ikinci günü Krasnoselo və Basarkeçər rayonlarına Azərbaycan KP MK-nın məsul işçisinin başçılığı ilə təbliğatçılar qrupu göndərmişdi. Həmin qrupun tərkibində olan Şirməmməd Hüsenyov və Kamal Abdullayev azərbaycanlılar qarşısında çıxış edərək bütün torpaqların Sovet İttifaqına mənsub olduğunu və mitinqlərin dayandırılmasının vacibliyini bildirdilər. Yalnız Azərbaycan SSR Ali Soveti Ermənistan SSR Ali Sovetinin DQMV ilə bağlı qərarını rədd etdikdən sonra sözü­gedən rayonlarda azərbaycanlıların mitinqi dayandırıldı və həyat əvvəlki axarına düşdü. Bu il iyunun 15-də vaxtilə 34 il öncə oturaq aksiya keçirən insanların bir yerə toplaşması və «arsax»ın müstəqilliyinin tərəfdarı olduqlarını bildirmələri isə reallıqdan uzaq olduğu qədər də gülməlidir. O vaxt gənc, indi yaşlı olan həmin adamların elə o vaxtkı kimi sağlam düşüncə tərzindən uzaq olduğunu görməmək də mümkün deyil.

Qarabağ məsələsinin Azərbaycanın öz şanlı ordusu vasitəsilə həll olunduğu reallığını görməməzliyə vuran erməni siyasətçilərinin əksəriyyəti yenə də illuziyalarla yaşamaqdadır. Bunu İrəvan dövlət universitetinin müəllimi Narine Dilbaryanın «Hraparak» qəzetinin 16 iyun tarixli sayında müxbir Hayk Gevorkyanla müsahibəsi zamanı da aydın görmək olur. «Biz totemlərdən və uydurmalardan azad olmalıyıq» sərlövhəsi ilə dərc olunmuş həmin müsahibədə N.Dilbaryan bildirir ki, artıq gəlişigözəl şüarlara, fikirlərə inanmağın vaxtı deyil. O müxalifətin tərəfdarlarının getdikcə azaldığını müşahidə etdiyini bildirir və vurğulayır ki, xalq yalnız yeni ideyalar ətrafında birləşə bilər. Koçaryanın, Sarkisyanın təmsil olunduğu müxalifətin illər öncə ölkədə hansı qanunsuzluqları etdiyini xalq unutmayıb və ona görə də Paşinyan iqtidarına qarşı çıxmır. Müxalifətin rəhbərlərinin, demək olar ki, hamısının sabiq vəzifəlilər Artur Vanesyanın isə müxalifətdə yeni sima olduğunu xatırladan jurnalistə N.Dilbaryan belə vacab verib ki, Artur Vanesyan Nikolun komandasında yüksək vəzifə tutub və onun silahdaşlarından olub. O vəzifədən çıxarıldıqdan sonra yeni vəzifəyə təyin edilmədiyinə görə və açığa düşərək müxalifətin sıralarına qoşulub. Onun heç bir çıxışında yeni ideya görsənmir. Hamı eyni fikirləri müxtəlif cümlələrlə təkrarlayır. Artıq dünya çoxdan yeni siyasi düşüncə ilə idarə olunur. «Biz isə totemlərdən və kiminsə müəllifi olduğu uydurmalardan əl çəkə bilmirik», - deyə N.Dilbaryan ölkəyə yeni ideologiyanın gərəkliliyini vurğulayıb.

Göründüyü kimi nə erməni müxalifəti, nə də rəsmi İrəvan reallığı qəbul etmək iqtidarında deyil. Daha doğrusu, onlar öz erməni xis­lətlərindən əl çəkməyiblər və başlarına ye­ni yumruq dəyməyincə çəkməyəcəklər də.

Nəsib QARAMANLI

Oxşar xəbərlər