Bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
O bildirib ki, beynəlxalq aləmin gözü önündə, özü də Fransanın “öz meydanı”nda Azərbaycan Paris-İrəvan tandemini matəmə qərq etdi. On gündür diplomatik masada gedən döyüş hərb meydanındakı 44 günlük döyüşlərdən daha qanlı, bir o qədər də riyakarlıqlarla dolu idi. Sanki Makron Ermənistanla əhd-peyman bağlamışdı ki, ölkəsinin imicinə ləkə vursun və diplomatlarının “səriştəsi”ni ciddi sual altına alsın. “Voilà!”. Mahir diplomat İlham Əliyevin rəhbərliyi, şəxsi nəzarəti, göstərişləri və səbəb-nəticə əlaqəsinə söykənən diplomatiyası nəticəsində Azərbaycan diplomatları fransızları 10 gün ərzində lərzəyə gətirdilər. Diplomatlarımızın peşəkarlığı nəticəsində Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya - Azərbaycan dostları ilə bu parlaq qələbəni birgə qeyd edərkən Fransanın Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi öz hiylələrini öz meydançalarında belə gizlədə bilmədilərsə, məyusluğun ən dəhşətli işgəncəsini yaşaya-yaşaya yeni ilə daxil olurlar. Hətta deyək ki, bu sənəd qəbul olunsa da, nə dəyişəcəkdi? Heç nə! Əvvəlki çəkisinə malik olmayacaqdısa, biz də öz prinsipiallığımızdan zərrə qədər belə geri addım atmayacaqdıq. Lakin nəticə etibarilə bu “bəhrə”ni Fransaya daddırmaq ayrıca ləzzət verir. Əslində, Fransa düşünmür ki, riyakarlığı regiondan daha da uzaqlaşır. Fransa bir dövlət kimi Azərbaycan üçün isim, subyekt deyil, artıq sifətdir, özü də Ermənistan və Fransa olmaqla iki mənalı və çoxsifətli!
Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsində, bilək savaşında Azərbaycanın igid oğulları necə Ermənistanın kürəyini yerə vurdusa, 10 gündə də eynilə peşəkar, cəsarətli diplomatlarımız Ermənistanın və Fransanın bütün “dahi”, “mənəm-mənəm” deyən diplomatlarının yalan, riyakarlıq dolu beyin məhsullarını, resurslarını məhv etdilər. Nəticə etibarilə bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olacağı təqdirdə, bunun yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola biləcəyi” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi.
“Fransız-erməni tandeminin bu cəhdləri Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir ki, bu da olduqca təhlükəli, Fransanı dövlətlərin özündən haqlı olaraq uzaqlaşdırması deməkdir.
Mahir diplomat, Müzəffər Ali Baş Komandan, Azərbaycanın milli maraqlarını bütün şərtlərdə və hər bir platformada maksimum dərəcədə təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız 2023-cü ilin astanasında Yeni ili və Həmrəylik Gününü bu möhtəşəm qələbənin verdiyi ruh yüksəkliyi ilə daha həmrəy şəkildə qeyd edir, - deyə Ş.Həsənova bildirib. (AZƏRTAC)