17.06.2025, 22:40
AZ EN
13.07.2023, 11:49 305

Ermənilərin “mitinq” oyunu: sülhməramlıları da təxribata çəkirlər

YAZILAR
  • Qarabağda yaşayan bir qrup erməni guya, “blokada”nı aradan qaldırmaq məqsədilə  dünən Laçındakı sərhəd-buraxılış məntəqəsinə tərəf yürüş etməyə cəhd göstərib.

“Vətən səsi” xəbər verir ki, Xankəndidəki mərkəzi meydana toplaşan terrorçu-separatçı qrup əvvəlcə qondarma rejimin başçısı Arayik Arutyunyanın iqamətgahına doğru yürüş ediblər. Onlar bəyan edirlər ki,  yeganə tələbləri Laçından Ermənistana gedən yolun açılmasıdır.

Aksiyanın təşkilatçısılarından biri- qondarma “inqilab partiyası”nın sədri Artur Osipyan Azərbaycana qarşı həyasız hədələrlə çıxış edib: “Biz on minlərlə insanla Laçındakı körpüyə (Həkəri çayı üzərində yeni inşa edilmiş körpünü nəzərdə tutur - red.) getməliyik. Amma ora getmək üçün yanacaq və təhlükəsizlik lazımdır. Bunların hər ikisini ruslardan tələb etməliyik. Deməliyik ki, biz 10 min nəfərlə Mets Şenə (separatçılar Şuşa rayonunun Böyük Qaladərəsi kəndini belə adlandırır) getmək istəyirik və siz bizim təhlükəsizliyimizi təmin etməyə borclusunuz. Amma ruslar bu tələbimizi yerinə yetirməsə, nə edəcəyik? Bunun da cavabı var; hava limanına girməli, türkləri oradan qovmalı, hava limanını nəzarətə götürməliyik. Eyni zamanda rusların təchizatını dayandıracağıq. Bizim tədarükümüz yoxdursa, onlara da yoxdur. O aeroportda ancaq türklər var və rusları yoxlayırlar. Yəni bizim hava limanında türklər rusu yoxlayır, biz rusu yoxlaya bilmərik?

Qarabağda yaşayan erməni əhalinin Xankəndidəki separatçı rejimin rəhbərliyinə etimad etmədiklərini deyən Osipyan bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini təxribata çəkmək istədiklərini də gizlətməyib: “Bizim rus sülhməramlılarına münasibətimiz lazımsız söhbətlər olmadan adekvat və düzgün olmalıdır. Biz hüquqi məsələlərdən və öhdəliklərdən danışacağıq, sualları konkret qoyacağıq. 2020-ci il 9 noyabr bəyanatına görə rusların üzərinə öhdəliklər düşür və biz onlarla bu öhdəliklər çərçivəsində danışacağıq. Əgər bizi qorumasalar, biz də onların təchizatını kəsəcəyik. Belə olsa, onlar bir gün ac qalacaqlar, bir həftədən sonra bezəcəklər, bir aya isə ağıllanacaqlar. Yox, əgər mübarizəmizi dəstəkləməsələr, onlara problem yaratmağa başlayacağıq”.

Artur Osipyan deyib ki, Qarabağın müxtəlif ərazilərində yaşayan ermənilər onun təşkilatçılığı ilə keçirilən aksiyalar qoşulmaq istəyir: “Lakin onların nəqliyyatı yoxdur, toplaşma məntəqələrinə gələ bilmirlər. Biz hakimiyyət orqanlarından tələb etməliyik ki, bu insanlar Stepanakertə (Xankəndi-red.) gəlsinlər və etiraz səslərini ucaltsınlar. Bu gün biz nəsə edə bilərik, gedək “prezident”in iqamətgahına, qoy Araik Arutyunyan və ya başqa nümayəndə enib desin: bəli, biz sizin tələbinizi yerinə yetiririk, çünki bu, qanuni tələbdir. Nə qədər lazımdırsa, dayanacağıq. Biz sona qədər dayanmalıyıq, başqa çarəmiz yoxdur. On minlərlə adam Laçına gedib körpünün üstündə dayansa, Yerevandan da gələcəklər. Amma biz buradan başlamayana qədər erməni milləti ayağa qalxmayacaq. Biz burda ayağa qalxmalıyıq, ora getməliyik, ondan sonra 30 min Qarabağdan gələcək, üç milyon Ermənistandan gələcək, dünyanın hər yerindən ermənilər ayağa qalxacaq və o halda 10 milyonla türkləri əzəcəyik. İndi biz “prezident”in iqamətgahına gedirik, müsbət cavab verməsələr, bu türklərlə necə davranacağımıza özümüz qərar verəcəyik”.

Bundan sonra yürüş iştirakçıları Arayikin iqamətgahına doğru hərəkət edib. Ancaq separatçı dəstə üzvləri Həkəri çayı üzərindəki nəzarət-buraxılış postuna yürüş etmək fikrindən vaz keçiblər və bəyan ediblər ki, bu gün yenidən toplaşacaqlar.

Erməni mətbuatının yaydığı məlumata görə, Arayik və qondarma”dövlət naziri” Qurgen Nersisyan aksiya iştirakçılarının nümayəndələrini qəbul ediblər. Qısa görüşdən sonra Qurgen narazı dəstənin qarşısına çıxaraq tələblərində haqlı olduqlarını, lakin iyulun 15-16-da Brüsseldə gözlənilən üçtərəfli görüşün nəticələrini gözləyəcəklərini bildirib. O, Brüssel görüşlərində Laçındakı “blokada”nın aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyi ilə məlumatların olduğunu söylədikdən sonra etirazçılar dağılışıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər