04.10.2023, 06:45
AZ EN
23.09.2022, 13:30

Birliyimiz bizi daha böyük uğurlara aparacaq

Sabit ƏZİMOV

  • Çox mürəkkəb olan indiki dövrdə baş verən dünyəvi hadisələri nəzərdən keçirdikdə heç də asan, rahat bir zəmanədə yaşamadığımızı hiss edirik. Baş verən qlobal böhran və təhdidlər keçmişimizi unutmayaraq gələcək nəsillərin xoşbəxt yaşayışını təmin etmək baxımından qarşımıza böyük vəzifələr qoyur, yeni tələblər baxımından mühüm istiqamətlərin seçilməsini zəruri hesab edir.

Qorbaçov ermənilərə gizli vədlər vermişdi

XX əsrin 88-ci ilindən başlayaraq Qarabağ münaqişəsi kimi təqdim edilən məkrli planların - məqsədlərin bu günümüzdə də başqa formada, lakin məzmunca eyni maraq dairələrinə xidmət etməsi heç kəsə sirr deyil. Nə qədər çətinliklərə baxmayaraq bu günümüzə gəlib çatdıq, 2020-ci ildə qazanılmış Zəfər xalqımızın ədalətli mübarizəsinin təsdiqi oldu. Minlərlə vətən övladlarımız müharibə qurbanları, şəhid oldu. Xalqımıza qarşı yönəldilmiş siyasi-iqtisadi, hərbi cinayətlərin arxasında duran və bu işi birbaşa Ermənistan dövlətinin iştirakıyla icra etdirən, terrorçu erməni silahlı qüvvələrini Azərbaycana qarşı təcavüzü həyata keçirməkdə bu gün də dəstəkləyən, özünü dünyaya demokratiya ideoloqu kimi təqdim edən dövlətlərin əsl siması getdikcə daha aydın görünür. Siyasi islahatlar, insan haqlarından daha çox danışanlar hazırki dünyamıza heç də xoş günlər vəd etmir, əksinə yeni müharibə ocaqları yaradırlar.

Çox da uzaq olmayan tarixi dövrü xatırlayarkən SSRİ adlanan nəhəng dövlətə qarşı yönəldilmiş imperialist siyasəti nəzərdən qaçırmaq olmaz. SSRİ prezidenti M.Qorbaçovla eyni dövrdə Amerika prezidenti olan R.Reyqan seçki platformasında belə bir tezislə çıxış edirdi ki, kommunizmi tarixin zibillik qutusuna atacam. Bəli, görə-görə bu çıxışlar öz təsdiqini tapdı, SSRİ kimi dövlət süqut etdi. Kimdir günahkar? Bu günün həqiqəti ondan ibarətdir ki, yer kürəsində güc mərkəzlərindən biri hesab edilən dövlətin sıradan çıxması nəticəsində dünyada ən yeni, arzuolunmaz geopolitik, müsbət dünyagörüşünə uyğun olmayan mənzərə yarandı. Bir sıra dövlətlərdə baş verən çevrilişlər, hərbi qarşıdurmalar, hələ də dövlətçiliyi sual altında qalan dövlətlərdə baş verənlər təsdiq edir ki, dünyanın siyasi dairələrində mövcud maraqlar uzunmüddətli dövr üçün hesablanıb, zamana görə mübarizə formaları və təsir imkanları dəyişdirilib.

Yaxşı məlumdur ki, Qarabağ müharibəsinin başlanması, daha doğrusu, bu işə rəvac vermək üçün akademik Aqanbekyan 1987-ci ilin dekabrında Parisdə çıxış edərək Qarabağın Ermənistana birləşdirilməsi fikrini səsləndirmiş, bu regionun iqtisadi cəhətdən əlverişli olduğunu bildirmişdir. Bu çıxışın ardınca Xankəndində 1988-i ilin fevral ayında ekstremist qüvvələr Ermənistana birləşmək tələbini irəli sürmüşlər. Təəssüf ki, İttifaqın səlahiyyətli orqanları tərəfindən qətiyyətli tədbirlər görmək əvəzinə, Sov. İKP MK-nın Baş katibi M.Qorbaçov tərəfindən baş verənlərə sönük münasibət bəslənildi, hətta ermənilərə gizli vədlər verildi. Belə hallar isə sadə vətəndaşlarda dövlətə inamı sarsıtdı, beynəlmiləl ailə modelinə zərbə vuruldu, hörmətsizlik göstərildi. Bu günümüzdə Ermənistanla hələ də tam sülhə nail ola bilməmişik, bunun əsl səbəblərindən biri də o vaxtdan başlamış siyasi planları həyata keçirmiş və bu gün də davam etdirən xarici qüvvələrin uzunmüddətli məqsədləridir. Yaxşı yadımdadır, o illərdə Moskvada keçirilən müzakirələrdə nəinki münaqişənin sakitləşdirici istiqaməti olaraq qərar qəbul edilmirdi, hətta daha da dərinləşdirmək məqsədilə yeni planlar hazırlanırdı. Mərkəzdə bütün hakimiyyət orqanlarında yerləşmiş, əksər səlahiyyət sahələrində təmsil olunan ermənilər ali müzakirələrdə çıxış edərək Azərbaycanı qınayır, belə hallara da şərait yaradılırdı. Ermənilərin aqressiv hərəkətlərinə göz yumulur, onları ruhlandırırdılar. Bu günlər Ermənistanda anti-Rusiya çağırışlarının səbəbkarı kimdir? Xalqlar arasında nifaq salmaq istəyənlər necə bəlalara səbəb olduğunu indiki halda daha yaxşı anlasa da, zaman öz sözünü deyir. Hər hansı bir qeyri-mütənasib hadisənin baş verməsi iki əsas amillə bağlıdır, bunlardan biri təbii iqlim faktoru, digəri isə düşünülmüş məqsədə söykənən siyasətdir.

Vaxtilə SSRİ rəhbərliyi Azərbaycan-Ermənistan xalqlarına müraciət edərkən ağıl-kamalla hərəkət etməyi, davranmağı tövsiyə edirdi və sonradan bəlli oldu ki, erməni separatçılarına münaqişəni necə davam etdirməyi məsləhət bilirmiş. Qarabağımızda baş verən hadisələr ərəfəsində keçmiş vilayətdə xüsusi idarəçilik sisteminin yaradılması, bu quruma anti-Azərbaycan ruhlu birinin təyin edilməsi və tabeçiliyin birbaşa Moskvaya verilməsi əslində bu ərazinin idarəçiliyinin tamamilə respublika tabeçiliyindən ayrılmasına gətirib çıxardı. Buradaca qeyd etmək istəyirəm ki, 30 ilə yaxın bir dövrdə ərazilərimizin işğalda qalmağının bünövrəsi də elə o vaxtdan qoyulmuşdur, bu məsələdə daha hansı maraqların gizləndiyi isə getdikcə daha aydın görünür.

Vasitəçilik missiyaları niyə sülhə gətirib çıxarmır?

Sirr deyil ki, əslində Qarabağ münaqişəsi adı altında yaradılmış problem nəinki SSRİ-nin parçalanmasına, eyni zamanda Rusiyanın diyar və muxtar qurumlarının müstəqil dövlətlər olaraq formalaşmasına hesablanmışdır. Bu gün Rusiya-Ukrayna müharibəsi, keçmiş Varşava müqaviləsi ölkələri, Yaxın Şərq, bir sıra inkişaf etməkdə olan ölkələrdə olan problemlər, əslində, Rusiyanın təsir əlaqələrinin azaldılmasına, bütövlükdə isə tamamilə çökdürülməsinə hesablanmış açıq mübarizədir. ABŞ və Avropa ölkələrinin bu sahədə açıq müharibədən çəkinmədiyi və birbaşa sanksiyalar, maliyyə dəstəyi tətbiq etdiyi, BMT kimi səlahiyyətli təşkilatın müşahidəçi kimi seyirçi mövqeyi hamıya yaxşı məlumdur. Müharibələrin dayandırılması, dünyada sülh və sabitliyin bərqərar olmasında isə maraqlı tərəflər arasında razılıq əldə edilməsinə, hələ ki, fikri olan yoxdur. Vasitəçilik missiyaları isə bir anın içərisində öz təsir imkanını itirir.

1988-ci ildən bu günümüzə qədər davam edən, insanlarımızın sülh və mehribançılıq, qonşuluq prinsipləri əsasında öz həyatlarını davam etdirə bilməməsinin əsas səbəblərindən biri də məhz xaricdən idarə olunan Ermənistan dövlətinin nizamlama proseslərinə əngəl törətməsidir, münaqişənin həllində maraqlı tərəflərin qeyri-adekvat davranışlarıdır. ATƏT Minsk qrupunun yenidən gündəmə gətirmək, daha uzun illər yersiz səfər və müzakirələr kimlərin marağına xidmət edir? Yüz minlərlə məcburi köçkünlük həyatı yaşamış insanlarımızın doğma ocaqlarına qayıtmasına heç bir dəstək olmayan, bütün maddi-mənəvi, tarixi irsimizə qarşı törədilən talançılıq, vandalizm, soyqırım hallarına göz yumanların yenidən münaqişə ilə bağlı fəallaşması bir daha onu təsdiq edir ki, regionda maraqları olan dövlətlərə insan taleləri yox, maraq doğuran məsələlər maraqlıdır. Həm coğrafi məkan, həm də zəngin təbii sərvətlərin məskəni olan bir əraziyə sahib çıxmaq istəyənlər nəyin bahasına olursa-olsun özlərinin varlığını təsdiq etmək üçün canfəşanlıq etməkdədirlər.

Lazım olmayan istiqamətə külli miqdarda vəsait sərf olunurdu...

Qarabağımızda baş verən hadisələrin ilk aylarında çalışdığım Gənclər İttifaqında, 1990-cı ildə Respublika Gənclər İttifaqının qurultayında qəbul edilmiş qətnamələr keçmiş vilayət və ümumittifaq təşkilatlarına göndərildi, məqsəd bundan ibarət idi ki, xalqlar arasında nifaq salmaq istəyənlər dərhal cəzalandırılmalı, millətlərarası münasibətlərin gərginləşməsinə yol verilməməlidir. Nəticə nə oldu? Təəssüf ki, nə mərkəzi, nə də yerli aidiyyatı orqanlar tərəfindən heç bir əsaslı tədbir görülmədi. Vaxtilə baş verən hadisələrə biganəlik indi başqa istiqamətlərdə və ünvanlarda daha geniş alovlanmaqla müşahidə olunur.

Müstəqilliyimizin bərpasına qədərki keçmiş vilayətin ərazisində - doğma dədə-baba torpaqlarımızda yaşayan vətən övladlarımız daimi yaşayış, iş yerlərindən qovuldular, SSRİ-nin mövcudluğu dövründə humanizm, insan haqlarının pozulması artıq mərkəzi hakimiyyət orqanlarına olan inamı tam sarsıtmışdır. Bu həm də onu təsdiq edirdi ki, bütün işlər məhz xarici ölkələrdə hazırlanmış plan - siyasət üzrə gedirdi.

İttifaqın süqutundan sonra müstəqil dövlətlərə çevrilən respublikalar üçün asan dövr olmadığını yaxşı bilirik, mərkəzi hakimiyyət orqanlarının mövcud şəraitə və prinsiplərə uyğun formalaşa bilməməsi də ümumi işimizə çox böyük zərbələr vurdu. Ölkəmizdə baş verən qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, hətta vətəndaş müharibəsinə çevrilə biləcək vəziyyətdən isə düşmənlərimiz məharətlə istifadə edərək ərazilərimizi daha geniş miqyasda işğal etməyə çalışdılar, xüsusilə, o dövrdə özlərinə ən yaxın havadarlıq edənlərin bilavasitə köməyi ilə.

1991-ci ildə Xocalı yaxınlığında inşa edilən tikiş fabriki ilə bağlı bir məsələni xatırlatmaq istəyirəm. Belə ki, respublika hökümətinin qərarı ilə dəyəri milyonlarla olan yeni fabrik inşa edilirdi, məqsəd Xankəndi, ətraf ərazilərdən qovulmuş azərbaycanlılara iş şəraitini yaratmaq idi. Yuxarıların göstərişi əsasında bu tikintinin sürətlənməsi, əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə dəfələrlə bu ünvana ezam olunaraq işin gedişi ilə tanış olmaq imkanım olmuşdur. Qarabağda erməni separatçılarının, silahlı terror birləşmələrinin tüğyan etdiyi bir dövrdə vətəndaşlarımızın təhlükəsizliyinə hesablanmış tədbirlər görmək əvəzinə, külli miqdarda vəsaitin lazım olmayan istiqamətə yönəldilməsinə nə ad vermək olardı? Eyni vəziyyətlə Xocavənd rayonunun Qaradağlı kəndində də rastlaşmışdım. Vaxtilə keçmiş vilayət ərazisində yerləşən tikinti birliyinin birində baş mühəndis işləmiş Mübariz müəllimlə bu işlərin vaxtı olmadığını, əvəzinə ərazidə yerləşən mövqelərin möhkəmləndirilməsinə vəsait yönəltməyi məqsədəuyğun hesab edərək müəyyən orqanlara mövqeyimizi çatdırdıq, təəssüf hissi ilə bildirirəm ki, bu təklifimiz tənbehlə cavablandırılmışdır. Bir neçə ay sonra isə Xocalıda baş verənlər - ermənilərin törətdikləri soyqırım hamımıza məlumdur. Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndələrinin Ağdamdan vilayət ərazisi istiqamətinə getməməsi, gününü hesabat hazırlamaqla yekunlaşdırması isə uzun müddətli işğal faktoruna şərait yaradırdı. Ümumi birliyimizi təmin edə bilməmək, vahid mübarizə istiqamətini müəyyənləşdirən siyasi liderin yoxluğu sonralar hansı faciələrə səbəb açacağını aydın göstərirdi.

Rəhbərliyə layiq olmayanlar

Rayonda işlədiyim müddətdə - hadisələrin ən gərgin zamanında səlahiyyətli nümayəndənin iştirakı ilə keçirilən rayon ictimaiyyətinin görüşü heç yadımdan çıxmır. Nəzərdə tutulmuş qaydada keçiriləcək müzakirənin böyük əhəmiyyət daşıyacağını hamı səbirsizliklə gözləyir, xüsusi qərar qəbul ediləcəyinə ümid bəslənirdi. Lakin müzakirə başlayarkən mövzunun rayonda qışlamanın yekunlarına həsr edilməsi yığıncaq iştirakçılarında etirazlara səbəb oldu. Mərkəzin səlahiyyət sahibinin regionda vəziyyəti başa düşməməsi, lazım olan istiqaməti qiymətləndirə bilməməsi o dövrün acı xatirəsi olaraq yaddaşımdan silinmir. Dəfələrlə çıxışlarımda belə bir fikri təkrarlayıram ki, uğura aparan yolda rəhbər şəxsin üstün keyfiyyətləri, bacarıq, dünyagörüşü, idarəetmə qabiliyyəti müstəsna əhəmiyyətə malikdir. Xalqımızın başına gələn bəlalarda xarici dövlətlərin iştirakı ilə yanaşı, milli maraqlarımızı qoruya bilməyən, tutduğu məsul vəzifəyə layiq olmayan məhdud düşüncəli rəhbər kadrların çox mənfi rolu olmuşdur və bu təsdiqini tapmışdır. Yaşadığımız tarixi çoxlarımız yaxşı bildiyimiz üçün vətənimizə layiqincə xidmət etməmiş və ya bunu bacarmamış insanların adlarını layiq olmadıqları üçün adbaad yazmıram. Lakin bir daha qeyd etmək istəyirəm ki, Qarabağ hadisələrinin ilk dövrlərində rayon təşkilatlarında, eyni zamanda mərkəzi hakimiyyət orqanlarında mühüm vəzifə daşıyanların bir çoxu rəhbərliyə layiq olmayan kadrlar idi.

Heydər Əliyev yolu – tariximizin ən şanlı səhifəsi

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa bir vaxtda xarici və daxili mübarizəyə sinə gərərək, dövlətin qurulması, möhkəmləndirilməsi, müstəqilliyimizin əbədi olması üçün şəxsi nüfuzu, idarəçilik təcrübəsi və diplomatik qabiliyyətindən səmərəli və məqsədyönlü istifadə etməyi bacardı. Özünün qeyd etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycanın dövlət maraqlarının qorunması uğrunda qurban verməyə belə hazır olduğunu bəyan etdi və Qarabağ probleminin həlli istiqamətində möhkəm təməlin əsasını qoydu. Atəşkəsə nail olunması, əsrin müqaviləsinin imzalanması, beynəlxalq müstəvidə Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması, Azərbaycanın nüfuz dairəsinin genişləndirilməsi Heydər Əliyevin tarix və xalq qarşısında vəzifəsini sədaqətlə yerinə yetirdiyini tam sübut etmişdir. "Bizim də etmədiyimizi davamçılarımız edəcək" kəlmələri isə bu gün öz təsdiqini tapmışdır. Uzunmüddətli və aydın strategiyaya hesablanmış dövlət siyasətini uğurla davam etdirən Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuz 2020-ci il noyabrında Qarabağımızı azad etdi, dəmir yumruq ətrafında sıx birləşən xalqımız beynəlxalq təşkilatların qəbul etdiyi, lakin yerinə yetirmədikləri qətnamələrin həllinə nail oldu. Zəfərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq qürur ünvanımıza çevrilmişdir.

Böyük, həm də çox çətin dövrü yaşayaraq bu günümüzə qədər apardığımız mübarizə yolu ərazi bütövlüyümüzü qorumaq baxımından qarşımızda hələ məsul vəzifələr durduğunu bəyan edir. Nəzərə almalıyıq ki, hazırda yaxın ətrafımızda baş verən müharibə də bizə qarşı düşmən mövqeyində olan dövləti dəstəkləyən qüvvələr tərəfindən təşkil olunmuş, uzunmüddətli siyasətin davamı, ətraf dövlətlərdə stabilliyinin pozulmasına yönəldilmiş hərbi xarakter daşıyır. Demokratiya pərdəsi altında siyasi maraqlar açıq müstəvidə olduğu üçün ayıq-sayıq olmalı, Qarabağ adı altında ölkəmizə qarşı düşünülmüş məxfi planların, hərəkətlərin həyata keçirilməsinə bir daha yol verməməliyik. Ümumi birliyimiz həmişəkindən daha çox vacibdir, bu isə böyük uğurlara imza atacağımız günü daha da yaxınlaşdırır!