"Vətən səsi" xəbər verir ki, bu barədə "Armenian Times" nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ-da yaşayan erməni əsilli vəkili Paşinyan hakimiyyətini devirmək cəhdində ittiham olunan Karapetyanın güclü müdafiəsini təşkil etməkdə israrlıdır. Bu isə Ermənistandakı hakim komandanı ciddi narahat edir.
Nəşrin yazdığına görə, Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan da bu məsələyə münasibət bildirib. O, özünün "Facebook" səhifəsində bildirib ki, törətdiyi çoxsaylı cinayətlərə görə hazırda həbsdə olan Karapetyanı müdafiə edən qüvvələr Rusiyanın sifarişini yerinə yetirmək üçün birləşiblər. Onun sözlərinə görə, Robert Amsterdam da özünü Amerikadakı "Respublikaçılar" partiyasının tərəfdarı kimi göstərməsinə baxmayaraq, əslində Rusiyanın maraqlarına xidmət edir: "Kimin harada olmasından və ya kimlərə xidmət etməsindən asılı olmayaraq, Ermənistana hücum edən hər kəs cavabını alacaq. Milli maraqlarımıza xəyanət edənlərin ağzında Ermənistan dövlətinin dadı qalacaq."
Paşinyanın təmsilçisi Samvel Karapetyanın vəkilini "Xaricdən gəlmiş səliqəsiz müdafiəçi" adlandırıb və deyib ki, "Taşir Samoy" hər gün Ermənistana hücum etməkdən danışır: "Onların xarici ölkədən xarici pasportla gəlib Ermənistana hücum etmək vərdişi var".
Xatırladaq ki, "Taşir" şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsi ittihamı ilə bu ilin mayında həbs olunub. Onun təşəbbüsü ilə yaradılan "Öz yolumuzla" adlı hərəkatın məqsədi partiyaya çevrilməklə 2026-cı ilin iyunda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək və Paşinyana ciddi müxalifət yaratmaq idi. Rusiyanın adamı kimi tanınan Karapetyan Paşinyana qarşı cəbhə yaratmaq üçün Moskvadan "desant” olaraq Ermənistana göndərilmişdi.
Elxan SALAHOV