Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.
Rusiya XİN nümayəndəsi Parisin təkcə Yeni Kaledoniyada deyil, bir sıra Afrika ölkələrində də müstəmləkə siyasəti yeritdiyini və qul ticarəti ilə məşğul olduğunu xatırladıb.
Onun sözlərinə görə, fransız qul tacirləri Afrikanın yerli əhalisini amansızcasına istismar edərək, onların hesabına zənginləşib. Dörd əsr davam edən qul ticarəti müasir Afrikanın sosial-iqtisadi problemlərinin əsas səbəblərindən birinə çevrilib.
Zaxarova, həmçinin, 1801-ci ildə Santa-Dominqoda Fransaya qarşı üsyanı yatırmaq üçün göndərilmiş Napoleonun tərəfdaşlarından biri olan general Şarl Leklerin sözlərini xatırladıb:
"Terror istifadə edə biləcəyim yeganə vasitə olaraq qalır... dağlarda yaşayan bütün qaradərililəri, kişiləri və qadınları məhv etməli və yalnız on iki yaşından kiçik uşaqları sağ saxlamalıyıq".
"Sonradan Paris keçmiş müstəmləkəsi ilə çox ağır şərtli müqavilə bağladı. Müqaviləyə görə, Haiti Fransaya 1947-ci ilə qədər 90 milyon qızıl frank ödəməli idi. Fransadan gələn bu müstəmləkə zülmü Haitinin inkişafını xeyli ləngitdi və ölkə bu yükün nəticələrini bu günə kimi hiss edir", - deyə Zaxarova yazıb.
Zaxarova Fransanın Əlcəzair, Suriya, Livanda da eyni üsullardan istifadə etdiyini bildirib.
"Fransanın müstəmləkə siyasətinin acı nəticəsi milyonlarla insanın məhv olması, siyasi qeyri-sabitlik, geridə qalmış iqtisadiyyat və ətraf mühitə dəyən zərərdir", - deyə Rusiya XİN nümayəndəsi qeyd edib. (Trend)