Mayın 19-da Ermənistanın müxtəlif KİV-lərində yayımlanmış xəbərlərdə artıq etiraz aksiyasının qərargahına çevrilən Fransa meydanında bir neçə nəfər yeni partiya yaratdıqlarını və siyasi fəaliyyətə başladıqlarını bildiriblər. Hakimiyyət tərəfindən rişxəndlə qarşılanan belə bəyanatlar heç də ciddi qəbul olunmur. Bildirilir ki, itaətsizlik liderləri hər gün bir partiya adı fikirləşib tapsalar da onların sosial bazası lap azdır və xalq iqtidarı dəstəkləyir. Müxtəlif iqtidaryönlü ekspertlər isə vurğulayırlar ki, müxalifətin çağırışı ilə küçələrə çıxanların sayı get-gedə azalır və bu ilk növbədə xalqın düşdüyü çətin problemlərdən bezdiyi ilə əlaqədardır.
Mayın 19-da yayımlanmış rəsmi xəbərlər içərisində o da var ki, bir gün öncə baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan təhlükəsizlik şurasının növbədənkənar iclası keçirilib. İclasda güc strukturlarının rəhbərləri ilə yanaşı prezident, spiker, baş nazir aparatının rəhbəri, müdafiə nazirinin müavini iştirak ediblər. Burada hansı məsələlərin müzakirə olunduğu barədə verilən suallara baş nazirin sözçüsü başdansovdu cavab verib: Hər şey ölkənin mənafeyi naminə müzakirə edilib. Sözügedən iclasda müdafiə nazirinin başqa müavinlərinin deyil, məhz maliyyə işləri üzrə müavini Karen Brutyanın iştirak etməsi ilə bağlı sual isə cavabsız qalıb. Yerigəlmişkən qeyd edək ki, əslən Çəmbərəkdən olan Karen Brutyan bu vəzifəyə təyin edilənədək maliyyə nazirinin müavini olub və N.Paşinyanın hərəkat yoldaşıdır.
«Hraparak» qəzeti ölkədəki ictimai-siyasi durumla bağlı analitik yazıda göstərir ki, hadisələrin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki burada müxtəlif maraqlar təmsil olunur. Müxalifət təkcə sabiq rəhbərlər tərəfindən deyil, həm də müxtəlif ölkələrdəki erməni diasporları tərəfindən istiqamətləndirilir. Ona görə də yekdil fikir yoxdur. İtaətsizlik aksiyasının fəallarının həbs edilməsi də Ermənistanda qəzetlərin gündəlik mövzularındandır. Sözügedən qəzet yazır ki, müxalif deputatlar 3-4 nəfərlik qruplara bölünərək «Armavir» və «Artik» həbsxanalarındakı məsləkdaşları ilə görüşmək istəyiblər. Ancaq həbsxana işçiləri müxtəlif bəhanələrlə onların görüşməsinə mane olub. Deputat Anna Qriqoryan bununla bağlı müsahibəsində deyib ki, həbs olunanlar möhkəm dayanıblar və mübarizənin sonunu gözləyirlər. «Bilirlər ki, siyasi təqiblər davam edir. Biz də möhkəm dayanmışıq və bu mübarizədə qalib gələcəyimizə inanırıq», - deyə deputat özündənrazılıq nümunəsi göstərib.
«Joğovurt» qəzetinin tirajladığı məqalələr sırasında biri diqqəti daha çox cəlb edir. Müəllif göstərir ki, Qarabağda aparılan yol tikintisi işləri orada yaşayan erməniləri ciddi narahat edir. Yeni çəkilən yolların ermənilər yaşayan yaşayış məntəqələrinə yaxın ərazilərdən keçməsi nəticəsində əhalinin öz ev-eşiyini tərk edəcəyi indidən görsənir. «Bir neçə qeyri-hökumət təşkilatı bununla bağlı beynəlxalq təşkilatlara müraciət edərək tikinti işlərinin dayandırılmasını xahiş edib» cümləsi isə sözün həqiqi mənasında ermənilərin nəinki reallığı dərk etmədiyini, hətta adi sağlam düşüncəyə belə malik olmadağını göstərir. Axı, Azərbay-can öz ərazisində hansısa inşaat işi aparırsa, bunun ermənilərə nə dəxli var? Qarabağdakı tikinti işlərinə əsil düşmən münasibəti bəsləyənlər arasında mədəniyyət, elm xadimləri də var. Onların bir neçəsi radikal «Qütb» hərəkatına müraciət edərək müvafiq tədbir görülməsini istəyiblər. «Qütb» isə ABŞ və Fransa səfirlərinə yazılı müraciət edərək ermənilərin öz evlərindən çıxmamaları üçün tədbirlər görülməsini, dəqiq desək, Minsk qrupu vasitəsilə bu işlərin dayandırılmasına nail olmağı xahiş ediblər. Özünü milli demokratik qüvvə adlandıran bu təşkilat anti-Rusiya çıxışları ilə də tanınır. Məhz ona görə də bu müraciətində də təkcə Azərbaycanı, Türkiyəni deyil, Rusiyanı da təhqir edir.
Publisist Vart Simonyanın «A1» TV-yə verdiyi müsahibə isə bir çox cəhətləri ilə diqqəti cəlb edir. O, deyir ki, Ermənistan kiçik dövlətdir. Onu inkişaf etdirmək, varlandırmaq əvəzinə 30 ildən çoxdur ki, «arsax» məsələsi ilə bir-birimizi günahlandırır, hakimiyyət dəyişiklikləri edirik. «Unuduruq ki, zəif dövlətlə heç kəs hesablaşmır. İndi bizim nə sağlam cəmiyyətimiz, nə normal ordumuz nə də peşəkar siyasi elitamız var... Nikol Paşinyan başqa dövlətlərin rəhbərləri, xüsusilə Azərbaycanın rəhbəri ilə yanaşı duranda utanıram. Çünki o, Azərbaycan Prezidentinin yanında büzüşmüş və çox yazıq görünür», - deyə o vurğulayıb. Düz sözə nə deyəsən!
Nəsib QARAMANLI