Qəhrəman ordumuzun döyüşərək geri qaytardığı torpaqlarda insanlarımızın yaşayını təmin edəcəyik və turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.
Artıq bu yöndə bir neçə layihələrin icrasına başlanılıb.
Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.
“Bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri keçirildi. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltının, Füzuli , Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb və müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib. Yaxın günlərdə Şuşaya turizm məqsədli səfərlərin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, - deyə Agentlik sədri qeyd edib.