Muzeydən bildirilib ki, növbəti təqdimat Şuşanın memarlığı və memarlıq abidələrinə həsr olunub.
Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür.
Birinci mərhələ Şuşa şəhərinin əsasının qoyulması dövründən (1753–1754) başlayır. Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılıb və 9 Aşağı məhəllə formalaşdırılıb.
İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759–1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılıb.
Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilmiş və həmin ərazilərdə 12 məhəllə formalaşdırılıb.
Şuşanın işğalından əvvəl şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin əksəriyyəti XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilib.
1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.