Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.
Təbiətən ona bəxş edilən zəngin çalarlı və yüksək diapazonlu səs onu gənc yaşlarından səhnəyə gətirib. Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın ən tanınmış xanəndələri kimi çıxış edirlər.
Görkəmli xanəndənin yaradıcılığında “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar xüsusi yer tutur. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olmuşdur.
Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.
Arif Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir. Onun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Sevda SÜLEYMANOVA