02.03.2026, 15:10
AZ EN
29.12.2025, 11:39 205

“Musiqi məbədi Şuşa" kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • İrsimizin Tətbiqi və Təbliği İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş "Musiqi məbədi Şuşa" kitabının təqdimatı keçirilib.

"Şuşa musiqidə" adlı ədəbi-bədii tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra, Şuşanın tarixi, mədəni irsi və mənəvi simasını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya gedəcəyik, biz Şuşasız yaşaya bilmərik" fikirləri, Prezident İlham Əliyevin "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" və "Biz Şuşanı azad etdik" sözləri yer alıb. Videoçarxda həmçinin Şuşa haqqında ilk mahnının müəllifi olan Xan Şuşinskinin "Şuşanın dağları" mahnısının sədaları altında Şuşanın bugünkü görüntüləri təqdim olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxışında bildirib ki, nəşrin yaranmasına 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin "Biz Şuşanı azad etdik, Şuşa artıq azaddır" sözləri ilham verib. Müəllif bu kitabı Şuşaya mənəvi hədiyyə kimi qələmə aldığını, sənətkarın ən dəyərli töhfəsinin söz və kitab olduğunu vurğulayıb.

Tədbirdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova, Ziyalılar İctimai Birliyinin sədri, rəssam Minayə Feyzullayeva çıxış edərək, Şuşanın mədəniyyət paytaxtı kimi yenidən dirçəlməsi ölkəmizdə gedən ictimai-mədəni proseslərdə vacib rolu olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu cür yeni nəşrlərin ərsəyə gəlməsi Azərbaycanın musiqi tarixini öyrənən gənclər üçün də əvəzolunmaz bilik mənbəyidir. Tədbirin bədii hissəsi Şuşaya həsr edilmiş musiqi nümunələri ilə davam edib. Süleyman Ələsgərovun "Gözəl Şuşa", Oqtay Rəcəbovun "Şuşa", Emin Sabitoğlunun "Şuşanı qar gördüm", Səid Rüstəmovun "Gözəl Şuşa" əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Proqram çərçivəsində balaban ansamblının müşayiəti ilə Xarı-Bülbül mövzusunda kompozisiya təqdim olunub. Daha sonra Əməkdar artist Elza Seyidcahanın müəllifi olduğu "Şuşam", musiqisi Rüfət Ramazanov, sözləri Səadət Təhmirazqızına məxsus "Gözəl Şuşa" mahnıları ifa olunub. Xalq artisti Fidan Hacıyevanın ifasında sözləri Vahid Əzizin, musiqisi professor Könül Hüseynovanın olan "Şuşam mənim", musiqisi Vasif Adıgözəlov, sözləri Vüqar Abdülova aid "Şuşam laylay" musiqi kompozisiyaları təqdim edilib. 

Sonda C. Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin "Renessans" xor kollektivinin ifasında Aytən İsmixanovanın sözlərinə bəstələnmiş Seymur Aslanovun "Şuşa evinə qayıtdı" mahnısı ilə proqram yekunlaşıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər