Murad Rzayevin həyatı
Murad Yunis oğlu Rzayev 1947-ci il dekabrın 7-də Ağdam şəhərində anadan olub. Orta təhsilini şəhərdəki 3 nömrəli orta məktəbdə alıb. Ağdam Musiqi Texnikumunu və Azərbaycan İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Əmək fəaliyyətinə Güllücə kəndində fəhlə kimi başlayıb. Sonralar Ağdam Mədəniyyət Evində bədii rəhbər olub. 50 ilə yaxın indiki Ağdam Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləyib.
Murad müəllim mədəniyyətimizə xidmətlərinə görə “SSRİ Maarif xadimi”, “Respublikanın maarif xadimi”, “İlin müəllimi”, “Ustad sənətkar”, “Əmək veteranı”və s. kimi fəxri adlara layiq görülüb. O, neçə-neçə beynəlxalq festivalın laureatı adını da qazanıb.
«Qarabağ bülbülləri» ansamblı
Murad müəllim müsahibələrində deyir ki, pionerlər evində işlədiyim dövrdən həmişə bir kollektiv yaratmağı arzulayırdım. 1971-ci ildə, nəhayət, "Qarabağ bülbülləri" adlı ansamblı yaratmağa nail oldum. Bu kollektiv qısa zamanda böyük şöhrət qazandı. Onun haqqında çoxlu kitab yazılıb, filmlər çəkilib. "Qarabağ bülbülləri", "Əks-səda", "Uzun ömrün akkordları", "Qaçaq Nəbi", "Azərbaycan - 60", "Mən mahnı qoşuram", "Qalib səs", "Nəğməkar torpaq" və s. bədii və sənədli filmlərdə bu ansamblın adı-sanı var. Yazıçı Anar, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli kimi tanınmış söz ustaları kitablarında “Qarabağ bülbülləri”ndən bəhs ediblər.
Murad müəllimin yetirmələri
Murad müəllim qeyd edir ki, "Qarabağ bülbülləri"nin üzvləri olan məşhur xanəndə və müğənnilərin sayı çoxdur. Onların arasında Xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurova, Cabir Abdullayev, Feyruz Səxavət, Teymur Əmrah, Sevinc Sarıyeva, Ramiz Paşayevin adlarını çəkmək olar. Həmçinin muğam müsabiqəsinin laureatlarından Murad Laçınlı, Səma Sultan, Zülfiyyə Cəbrayılzadə, Dürdanə Keytiyeva, Ülkər Orucova da "Qarabağ bülbülləri"nin yetirmələridir. Tanınmış müğənnilər - Xatun, Tacir Şahmalıoğlu, Nihat Məlikli kimi adları da Murad müəllim ürəklə sadalayır.
Qarabağ bülbülləri”nin uğurları
“Qarabağ bülbülləri” ansamblı yarandığı dövrdən bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-yə daxil olan 15 respublikanın hər birində konsert proqramları ilə çıxış edib. Kollektivin, həmçinin, Almaniya, Bolqarıstan, İranda da konsertləri olub. Moskvanın məşhur Qurultaylar sarayında onlar dəfələrlə çıxış ediblər. Sənətkar onu da vurğulayır ki, həmin çıxışlar gurultulu alqışlarla qarşılanırdı. Elə həmin zalda Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev qarşısındakı çıxışımız da yaddaqalan idi. O vaxt konsert proqramlarının ən yaxşı hissəsinə “Qarabağ bülbülləri”nin çıxışlarını salırdılar.
Ağdam – “Qarabağ bülbülləri” Azərbaycanı tanıdırdı
Murad müəllim deyir ki, sovetlər dönəmində muğamımızı təbliğ etmək çox çətin idi. Konsertlərə gedəndə həmişə bizə deyirdilər, ancaq mahnı oxuyun. Məşqlərdə onların dediyi kimi, çıxışları hazırlasam da, səhnəyə çıxanda arada muğam ifasına yer verirdim. Bu hərəkətimə görə danlansam da, muğamımızın təbliği üçün bacardığım qədər səy göstərirdim. Kremldə Azərbaycandan ən çox çıxış edən «Qarabağ bülbülləri» olub. SSRİ-nin Böyük Teatrında, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova ilə birlikdə çıxış etmişik. Bəzən elə olurdu ki, ancaq biz dəvət olunurduq. Orada olarkən Azərbaycan haqqında soruşanda bir çoxu ölkəmizi tanımırdı. Ağdam, «Qarabağ bülbülləri» deyəndə isə hamı bizi və ölkəmizi tanıyırdı.
Sağ olsun, Mehriban xanım!
Müstəqillik qazandıqdan sonra muğamın yenidən dirçəlməsi, onun yaşadılması və tanıdılması, təbliği Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun muğam sənətinin inkişafı ilə bağlı müstəsna xidmətləri nəticəsində gənc nəslin unudulmaqda olan muğam sənətimizə sevgisi daha da artdı. Murad müəllim deyir ki, neçə illərdir, güclü səslərə malik muğam ifaçılarının müsabiqəsi təşkil olunur. Bu müsabiqələrdə qeyd etdiyim kimi, bizim də yetirmələrimiz iştirak edir.
Ulu öndərimiz “Qarabağ bülbülləri”ni çox sevirdi
Murad müəllim bildirir ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman mənə böyük diqqət və qayğı göstərib. Heydər Əliyev o vaxtkı Lenin adına sarayda hər konsertdən sonra mədəniyyət xadimləri ilə görüşündə bir masa arxasında olarkən məni həmişə öz yanında əyləşdirirdi. Deyirdi ki, «Qarabağlı, gəl mənim yanımda əyləş». Ulu Öndər «Qarabağ bülbülləri»ni həddən artıq çox istəyirdi.
Şuşaya sənətim gedib
Murad müəllim deyir ki, həmişə arzu edirdim, Şuşanı qaytaraq və mən orada konsert verim. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Murad müəllim də gedib bir vaxtlar Ağdamda məşq etdikləri yerlərə baxıb, doğma evlərini, həyətlərini ziyarət edib. Deyir ki, ancaq səhhətimlə bağlı Şuşaya gedə bilməsəm də ora sənətim gedib: “Şuşadakı festivalda ilk olaraq mənim bəstələdiyim “Bayatı-Şiraz” improvizasiyası səsləndi. Sonra Prezident çıxış etdi. Özüm gedə bilməsəm də, Şuşaya sənətim gedib”.
Xalqın sənətkarı
İnsanlar, xalq ona xüsusi hörmətlə yanaşır. Bunu qeyd edən Murad müəllim deyir ki, elə tələbələrimin mükafatları, adları da mənim üçün böyük uğurdur. Mənə ayrı hörmət lazım deyil. Allah mənə ömür verib, çətinliklər də olsa yaşayıram...
Allah Sizə uzun ömür versin, əziz Murad müəllim! Tezliklə layiq olduğunuz adla doğma Ağdamda gözoxşayan ağ evlərdən xoş səsiniz-sorağınız gəlsin...
Mina RƏŞİD