03.07.2025, 16:12
AZ EN
03.07.2025, 07:51 120

Tarzən Firuz Əliyevin 75 illik yubileyi qeyd edilib

XƏBƏRLƏR
  • Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik yubileyi iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.

Tədbirdə sənətkarın yaradıcılıq yolunu əks etdirən qısa film nümayiş olunub.

Millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Vamiq Məmmədəliyev və Əməkdar artist Razi Şükürov yubilyarı təbrik edib, onun Azərbaycan tar ifaçılığı sənətinə töhfələrindən söz açıblar.

Bildirilib ki, Firuz Əliyev tar ifaçılıq məktəbinin görkəmli nümayəndələrindən biridir. İfaları həmişə sevilə-sevilə dinlənilir. Müqtədir tarzənlərin yolunu davam etdirərək sənətdə öz dəst-xəttini yaradaraq xalqın böyük sevgisini qazanıb. Məhsuldar yaradıcılıq yolu, bu gün də tarı şövqlə sinəsinə sıxaraq nümayiş etdirdiyi ifaçılıq məharəti gənc tarzənlər üçün məktəb və nümunədir.

Yubilyara həsr edilən konsert proqramında Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Nuriyyə Hüseynova, BMM-nin solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Hüseyn Məlikov, eləcə də Humay Qədimova və Emin Bədəlov çıxış ediblər.

Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental ansambl müşayiət edib.

Tədbirin sonunda yubilyar gecənin təşkilatçılarına minnətdarlığını bildirib və sənət yolunu davam etdirən övladları Əli və Abbasla birlikdə dahi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kompozisiya ifa edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər