Konfrans çərçivəsində “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu" təşkil olunub. Azərbaycanın mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.
Adil Kərimli bu tədbirin təşkilinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya (COP30-u qəbul edəcək) və Birləşmiş Ərəb Əmirliklərinə (COP28-in ev sahibi olub) təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb. Qeyd edib ki, 2024-cü ildə Bakıda keçirilmiş COP29 mədəniyyətin iqlim fəaliyyətində rolunu gücləndirmək üçün mühüm addım olub və qəbul edilən Bakı Maliyyə Məqsədi qlobal iqlim maliyyələşməsində tarixi dönüş nöqtəsi sayılır.
Adil Kərimli Azərbaycanın təqdim etdiyi “Culture for Climate” (C4C) təşəbbüsünü xatırladaraq, bu günlərdə keçirilən Bakı İqlim Həftəsində (29 sentyabrda başlanıb) də mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolunun müzakirə ediləcəyini bildirib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli”, azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları və Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın dayanıqlı gələcəyə sadiqliyini göstərir.
“Mədəniyyət və ətraf mühit bir-birindən ayrılmazdır. Birgə səylərlə gələcək nəsillər üçün daha dayanıqlı dünya qura bilərik” – deyə nazir çıxışının sonunda qeyd edib.
Hazırladı: Mina RƏŞİD