Kitabxanadan bildirilib ki, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtibçisi olduğu, Göyçə aşıqları və şairlərinin şeirlərindən ibarət toplayıb nəşr etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyat nümayiş olunur.
Qeyd edək ki, İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu) 1925-ci il iyunun 22-də Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Aşıq Talıbın ailəsində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.
İslam Ələsgər Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplayıb və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib, haqqında məqalələr yazıb.
1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə edib. 1987-ci ildə “Göyçəli Aşıq Ələsgər” kitabını türkiyəli alim Nizaməddin Onkla birlikdə Türkiyədə nəşr etdirib. 1997-ci ildə Aşıq Ələsgərin 175 illik yubileyi ilə bağlı "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazıb.
Azərbaycan aşıq sənətini geniş miqyasda və ardıcıllıqla dünya mədəniyyətinə təqdim edən alimin Aşıq Ələsgər və Göyçənin saz-söz sənətkarları haqqında elmi məqalələri mətbuatda müntəzəm nəşr olunub, “Sazlı-sözlü Göyçə”, “Göyçəli Aşıq Nəcəf”, “Növrəs İman”, “Çoban Məhəmməd” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
İslam Ələsgər 2014-cü ildə dünyasını dəyişib.
Hazırladı: Mina RƏŞİD