"Vətən səsi" xəbər verir ki, ümumi metrajı 104 dəqiqə olan 4 hissəli sənədli filmin premyera iyunun 24-də saat 19:10-da "Azərbaycan" CineMastercard-da başlayacaq. Filmin süjeti Birinci Qarabağ müharibəsi dövründə baş vermiş gerçək hadisələr əsasında qurulub. Film 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətliamdan bəhs edir. Rayonun işğalı zamanı doğma yurdunu tərk etmək imkanı olmayan Başlıbel sakinləri xilas olmaq üçün kəndin ətrafındakı kahalarda məskunlaşır. Aprelin 18-də düşmən onların sığındıqları kahaların yerini müəyyənləşdirərək əliyalın insanları gülləbaran edir. Gecənin yarısınaqədək davam edən silahlı basqın zamanı qaçıb canını qurtaran 30 nəfər dağlarda-daşlarda gizlənərək mühasirə həyatını 113 gün davam etdirir. Dörd aya yaxın davam edən ölüm-dirim mübarizəsindən sonra kahada məskunlaşan 29 nəfər sakin dağ yolları ilə Daşkəsən rayonuna çatır. Bir nəfər - 75 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov isə "Barırıtlı kaha" adlanan sığınacaqda qalmağı daha üstün tutur.
Xatırladaq ki, "Başlıbel mühasirə gündəliyi" sənədli filmi Kəlbəcər rayonun işğaldan azad olunmasının ikinci ilində, 2022-ci ilin yayında çəkilib. “Telefilm” İstehsalat Birliyinin Elxan Salahovun Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında ekranlaşdırdığı film ilk dəfə həmin ilin oktyabr-noyabrında AzTV-də yayımlanıb.
Filmin premyerasında iştirak etmək istəyənlər üçün ünvanı xatırladırıq: Əbdülkərim Əlizadə küçəsi 1. (Keçmiş "Hard Rock" kafesinin yerləşdiyi binanın arxa girişi) Giriş sərbəstdir.