Layihə çərçivəsində növbəti təqdimat Azərbaycanın istedadlı xanəndələrindən biri Məcid Behbudova həsr olunub.
Məcid Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. O, 1904-cü ildən xanəndəliyə başlayıb. Əvvəllər Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxuyub.
Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik edib. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir.
O, “Mirzə Hüseyn segahı”, “Şüştər” və “Çahargah” muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov, həmçinin musiqili tamaşalarda da çıxış edib,Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər verib.
Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərib. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynayıb. Məcid Behbudov Üzeyir Hacıbəylinin opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış edib.
Xanəndə 1945-ci il sentyabrın 6-da Qazaxda vəfat edib. (AZƏRTAC)