Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedir. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alır.
Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.
O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə "Musavatın" Kiyev şöbəsini qurur. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilir.
Yusif Vəzir həmin dövrdə "Azərbaycanın Muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirir. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilir. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi–coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazır.
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Yusif Vəzir Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedir.
Lakin çox keçmədən Mirabdulla vəfat edir. Qardaşının ölümündən hədsiz dərəcədə sarsılan Yusif onu gözləyən təhlükələrə baxmayaraq Azərbaycana qayıtmağı qərara alır. Bu məqsədlə SSRİ-nin Parisdəki səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. 1926-cı ildə Ümumittifaq İcraiyyə Komitəsinin qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul olunur.
Vətəninə qayıdan Yusif "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.
Stalin repressiyaları illərində yaxınlaşmaqda olan təhlükəni hiss edən Çəmənzəminli əlyazmalarının böyük bir hissəsini yandırmağa məcbur olur. 1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır.
1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilir. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilir.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edir və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.
1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilir.
Qeyd edək ki, Y.V.Çəmənzəminli “İki od arasında”, “Qızlar bulağı”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Хanın qəzəbi” və digər əsərlərin müəllifidir.
Hazırladı: Mina RƏŞİD