SÜLEYMAN SANİ AXUNDOVUN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR
Atası Rzaqulu bəy Dərgahqulu bəy oğlu soy-kök etibarilə Seyidlinin (indiki Ağdam rayonunun Seyidli kəndi) Axundovlar nəslindəndir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan Şuşa şəhərinin, Seyidli kəndinin (indiki Ağdam rayonunun Seyidli kəndi) müxtəlif illərə aid kameral təsvirinə görə, Rzaqulu bəyin mənsub olduğu Axundovlar nəsli bəy nəslidir. Nəsil öz adını Axund Molla Əli adlı üləmanın adından almışdır. O, Qarabağ xanları İbrahimxəlil xan və onun oğlu Mehdiqulu xan dövrünün hörmətli şəxsiyyətlərindən idi.
Axund Molla Əlinin Oruc ağa və Dərgahqulu bəy adlı iki oğlu olmuşdur.
Dərgahqulu bəy (...-1845) mükəmməl dini təhsil almış, Seyidlidə mülkü olmuşdur.
Süleyman Sani Axundov ata tərəfdən Dərgahqulu bəyin nəvəsi, Axund Molla Əlinin nəticəsidir. Onun atası Rzaqulu bəy Dərgahqulu bəyin üçüncü oğludur.
Süleyman Sani Axundovun avtobioqrafik hekayəsinə istinadən atasının, əmilərinin vəfatından sonra böyük mülkləri əllərindən çıxmış, cins ilxıları sahibsizlikdən tələf olmuşdur.
Anası Dürnisə xanımın ata-babası Şuşanın mötəbər, savadlı bəylərindən idi. Görkəmli maarif xadimi, pedaqoq Səfərəli bəy Şeyx Həsən bəy oğlu Vəlibəyov (1861-1902) Dürnisə xanımın qardaşıdır. Süleyman Sani Axundovun bacısı Mahtaban xanımın nəvəsi filologiya elmləri doktoru Nadir Vəlixanovun yazdığına istinadən onun atası Şeyx Həsən bəy, babası Hacı Vəli bəy ərəb, fars dillərini mükəmməl bilmişlər.
Süleyman Sani Axundovun həyatı və müəllimlik fəaliyyətinə aid əksər məlumatlar özünün 1935-ci ildə qələmə aldığı "Tərcümeyi-halım"a istinadən yazılmışdır. Görkəmli ədibin, maarif xadiminin uşaqlıq illərinin çox hissəsi Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində keçmişdir. O, Qori şəhərində Zaqafqaziya Seminariyasının müəllimi işləmiş dayısı Səfərəli bəy Vəlibəyovun köməyi ilə 1885-1894 illərdə həmin seminariyada oxumuşdur. Təhsilini başa vurduqdan sonra Bakının üçüncü şəhər rus-tatar məktəbində müəllim, dördüncü rus-tatar məktəbinin müdiri işləmişdir. O, müəllim işlədiyi illərdə müsəlman uşaqlarının yeni tipli məktəbə cəlb edilməsi üçün evbəev gəzib onların valideynləri ilə söhbətlər aparmış, bəzən ittihamlarla qarşılaşmışdır. Azərbaycan xalq maarifinin inkişafında əvəzsiz xidmətlər göstərmiş Süleyman Sani Axundov sonralar xatirələrində bu haqda yazmışdır.
Süleyman Sani Axundov 1906-cı ildə Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmiş, ana dilində dərs kitablarının yazılması və proqramların tərtib edilməsində böyük xidməti olmuşdur. O, altı müəllim yoldaşı ilə birlikdə “İkinci il” adlı dərs kitabını tərtib etmiş, tədris işini asanlaşdırmaq məqsədilə ərəb əlifbasının islahı haqqında təkliflər irəli sürmüşdür.
Süleyman Sani Axundov Azərbaycan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində işğal olunduqdan sonra Şuşada maarif sahəsində məsul vəzifədə çalışmış, 1920-1921 illərdə Qarabağ vilayət maarif şöbəsinin müdiri işləmişdir. Nadir Vəlixanovun yazdığına istinadən o, Qarabağ vilayət maarif şöbəsinin müdiri vəzifəsində çalışdığı illərdə 150 nəfər uşaqdan ibarət böyük uşaq baxçası, Minkənddə, Qubadlıda və Şuşada uşaq evləri açılmış, Şuşa şəhərində maarif və mədəniyyət məsələlərinə dair mühazirələr keçirilmiş, savad kursları təşkil edilmişdir. Cavanşir qəzası üzrə 1920-ci ilin oktyabr ayına kimi on bir məktəb, on üç kitabxana açılmışdır. Burada təşkil edilmiş müəllim hazırlayan kursda qırx üç nəfər oxumuşdur. Kursda hazırlıqlı müəllimlər dərs demişdir. Qarabağ maarif şöbəsinin müdiri işlədiyi zaman onun təşəbbüsü ilə 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığının qərarına əsasən Şuşada müəllimlər seminariyası yaradılmışdır.
Süleyman Sani Axundov xəstəliyi ilə əlaqədar Bakıda məktəb müdiri vəzifəsinə dəyişilmiş, 1921-1927 illərdə Bakıdakı 77 və 19 nömrəli məktəblərdə müdir işləmişdir.
Süleyman Sani Axundov 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi ədəbi və pedaqoji fəaliyyətinə görə ona 1932-ci ildə “Əmək qəhrəmanı” fəxri adını vermişdir. Filologiya elmləri doktoru Məsud Vəliyevin araşdırmalarına görə, Süleyman Sani Axundov dəfələrlə Bakı Sovetinə, Bakı İcraiyyə Komitəsinə və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakı şəhərində vəfat etmişdir. Onun dəfin mərasimi Azərbaycan Yazıçılar İttifaqının binasında keçirilmiş, vəfatı münasibətilə "Kommunist", "Ədəbiyyat" qəzetində nekroloq verilmişdir.
Süleyman Sani Axundov ədəbi yaradıcılığa keçən əsrin 90-cı illərindən başlamış, "Tamahkar" (1899) adlı məişət komediyasını yazmışdır. O, "Tamahkar" əsərindən başqa “Dibdat bəy”, “Türk birliyi”, “Laçın yuvası”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Şeytan”, “Eşq və intiqam”, “Yeni həyat” və s. pyeslərini qələmə almışdır. O, 1912-1914 illərdə uşaqlar üçün “Qorxulu nağıllar” başlığı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” adlı hekayələrin müəllifidir. Görkəmli ədib “Yuxu”, “Qonaqlıq”, “Tutu quşu”, “Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Qatil uşaq”, “Molla Qasım”, “Nə üçün”, “Təbrik”, “Sona xala”, “Zarafat”, “Müalicə”, “Namus”, “Yoluxma xəstəliyi”, “Mister Qreyin köpəyi”, “Gənc maşinistka və qoca yazıçı” və s. hekayələrini yazmışdır.
Nadir Vəlixanovun xatirələrinə istinadən Süleyman Sani Axundovun 1923-cü ildə qələmə aldığı “Cəhalət qurbanı” adlı avtobioqrafik hekayənin mövzusu müəllifin uşaqlıq illərində tanıdığı Tamam adlı bir qızın faciəli həyatından götürülmüşdür. Görkəmli ədibin 1926-cı ildə yazdığı “Sona xala” adlı hekayəsinin qəhrəmanları Sona xala və cahillərin Şuşada vəhşicəsinə qətlə yetirdiyi oğlu Bəşir görkəmli ədibin yaxın qohumları olmuşlar.
Süleyman Sani Axundov 1938-ci ildə qələmə aldığı “Uşaqlıq həyatımdan xatirələr” adlı memuarın müəllifidir. Görkəmli ədibin memuarında Seyidlinin təbiəti, nadir ağaclardan ibarət meyvə bağları xatırlanır, əhalisi ilə bağlı maraqlı əhvalatlar yazılır.
Uşaqlığı Seyidli kəndində keçmiş görkəmli ədibin memuarını oxuyarkən ilk növbədə atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun vaxtilə övladlarına danışdığı Seyidli kəndi ilə bağlı uşaqlıq xatirələri yadıma düşür. Atamın uşaqlıq və gənclik illəri Seyidli kəndində keçmişdir. Onun vaxtilə bizə söhbət etdiyi 40-50-ci illərin Seyidli kəndi, təbiəti, nadir ağaclardan ibarət meyvə bağları, insanları Süleyman Sani Axundovun təsvir etdiyi Seyidli kəndini təkrarlayır.
Görkəmli ədibin yaradıcılığı Azərbaycanın tanınmış ədəbiyyatşünasları tərəfindən tədqiq edilmiş, öyrənilmiş, dəyərli fikirlər söylənilmişdir. Filologiya elmləri doktoru Məsud Vəliyevin “S.S.Axundov” (Bakı,1956), Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor C.Nağıyevanın “S.S.Axundovun arxivinin təsviri” (Bakı, 1962), filologiya elmləri doktoru Nadir Vəlixanovun “Süleyman Sani Axundov” (Bakı,1968), “Görkəmli yazıçı, ictimai xadim” (Bakı, 1976), “Süleyman Sani Axundovun elmi bioqrafiyası” (Bakı, 1996) adlı monoqrafiyaları Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadiminin həyatı və yaradıcılığına aid qiymətli tədqiqat əsərləridir. “Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” adlı 224 səhifəlik monoqrafiya bu sətrlərin müəllifinin görkəmli ədib, maarif xadiminə aid ayrıca nəşr edilmiş növbəti kitabıdır.
Süleyman Sani Axundov sələflərinin layiqli davamçısı kimi şərəfli ömür yaşamış, alicənab, ağayana, eyni zamanda qayğıkeş insan kimi tanınmışdır. O, həyatı boyu elinə-obasına bağlı olmuş, heç zaman boya-başa çatdığı Seyidli kəndi ilə əlaqəsini kəsməmişdir. Qarabağın tanınmış maarif xadimi, müdrik el ağsaqqalı babam - Məmməd Məmmədov görkəmli ədibi yaxından tanıyırdı. Görkəmli ədibin alicənablığı ilə bağlı tez-tez maraqlı xatirələri yada salar, şahidi olduğu əhvalatlar danışardı. O, Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Təbiyyat fakültəsində ali təhsil aldığı illərdə bir neçə dəfə Süleyman Sani Axundovun Qubanov küçəsində 10 nömrəli binada yaşadığı kiçik otaqda qonaq olmuşdur.
Ana babam Məmməd Məmmədov Süleyman Sani Axundovun 100 illik yubileyi münasibətilə 1975-ci ilin dekabr ayında Ağdam rayon maarif işçiləri evində keçirilmiş səyyar elmi sessiyada görkəmli ədiblə bağlı maraqlı xatirələrini danışmışdır. Tədbir Azərbaycan KP Ağdam Rayon Komitəsinin, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Bu il görkəmli dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundovun 150 yaşı tamam olur. Yubiley münasibətilə “Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” adlı 224 səhifəlik monoqrafiyam işıq üzü görmüşdür. Bu ilin may ayının 27-də “IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nda 150 illik yubileylə bağlı məruzə etmişəm.
Sələflərinin layiqli xələfi görkəmli ədibin, maarif xadiminin vəfatınından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq onun yaradıcılığı bu gün də öz dəyərini saxlamaqdadır.
Orxan ZAKİROĞLU (BAHARLI)