22.11.2024, 10:00
AZ EN
10.07.2023, 17:53 336

Mən ulu Göyçəmin şair oğluyam

XƏBƏRLƏR
  • Şair Xəstə Bayraməli Göyçə mahalının Hüseynquluağalı kəndində (indiki Nərimanlı kəndi), 1898-ci il iyulun 10-da anadan olub. Yeddi yaşında atadan yetim qalıb. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.

Xəstə Bayraməli zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.

1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illərdi öz populyarlığını saxlayır. 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub.

2008-ci ildə "Nərgiz" (Bakı) nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.

Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.

1952-ci ildə vətənpərvər şair, xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib. Şairin doğum günü münasibətilə onun yurd sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

DAĞLAR

Bahar fəsli əskilməyir

Güneylərdən lala, dağlar.

Kaş ki, elə bu gözəllik

Səndə hər vaxt qala, dağlar.

 

Dərələrdən keçəm bir-bir,

Gəzəm, söhbət açam bir-bir,

Çeşmələrdən içəm bir-bir,

Əlimdə piyalə, dağlar.

 

Yenə nə müddətdən bəri

Dolandıqca bu yerləri,

Ürək istər, Ələsgəri

Səndən xəbər ala, dağlar.

 

Kəsmə könlümdən gümanı,

Qurbanın, Nəcəfin hanı!?

Vətəndən Novrəs İmanı

Təkmi saldın yola, dağlar!?

 

Bayraməli deyər gerçək,

Bir dərmandı hər cür çiçək.

Vəfan varsa, gəl əncam çək

Bu pərişan hala, dağlar.

  

KÖNÜL

İşində sayıq ol, sözündə kamil,

Ariflər içində söyülmə, könül!

Qoy səni qananlar tərif eyləsin,

Nadanlar dilində öyülmə, könül!

 

Bəxş etsə təbibə neçə min barat,

Gərək müxənnətə bulmasın nicat.

Nə çox zalım olub kimsəni ağlat,

Nə çox zəlil olub döyülmə, könül!

 

Dünya arsızındı, hicranı tərgi,

Ya şah ol, ya qul ol, tərg elə fərqi.

Bayraməli bir qonaqdı gedərgi,

Namərd qabağında əyilmə, könül!

 

QƏRİBLİK

Bir söz sərrafıydım bu zamanənin,

Qəflətən qarşıma çıxdı qəriblik.

Ana yurdu qucaqlamaq istədim,

Qəlbimi pünhanca sıxdı qəriblik.

 

O gündən ki, bir gözələ vuruldum,

Xəzan vurdu, budağımdan qırıldım.

Mən vüsalı haraylayıb yoruldum,

Bu minvaldan çox uzaqdı qəriblik.

 

Oyananda müxənnətin səsindən,

Ürəyim bulandı qiyafəsindən.

Küskün taleyimin pəncərəsindən

Gizlicə boylanıb baxdı qəriblik.

 

Xəyal məhvərində dumanlı sərim,

Yüz dəfə atmışam, yek verib zərim.

Çox da oxunmasın həyat dəftərim,

Qəm sətirli bir varaqdı qəriblik.

 

Bayraməli düşüb min qilu-qala,

Payimaldı əl çatmayan vüsala.

Boylandı, durnalar qayıdan yola,

Həsrət dənizimdə axdı qəriblik.

 

OXUMAQLA BÜLBÜL OLMAZ SƏRÇƏLƏR

Oxumaqla bülbül olmaz sərçələr,

Budaq kölgəsində daldalansa da.

Aslanın öz adı, öz hünəri var,

Tülkülər yekəlib lovğalansa da.

 

Yüz də qürrələnsə, tox dura bilməz,

Elə gərdən çəkib, şax dura bilməz,

İtirər ağlını, çox dura bilməz,

Qartal qayasına qarğa qonsa da.

 

Bayraməli, batma qəm dəryasında,

Gədanı görsən də bəy libasında.

Hər kəsin adı var el arasında,

Nadanlar arifi naşı sansa da.

  

ŞİRİNDİR

Eşit sözlərimi, əziz qardaşım:

Çarəsiz xəstəyə dərman şirindir.

Nə şöhrət istərəm, nə var, nə dövlət,

Səadət nəğməli bir nan şirindir.

 

Çoxdur mərd igidi, nazlı afəti,

Baş tutar şairi, sevir sənəti.

Tükənməz dastanı, sözü, söhbəti,

Göyçənin ləhcəsi yaman şirindir.

 

Xəyalım enməmiş asimanından,

Doyunca içərəm namərd qanından,

Xəstə Bayraməli keçər canından,

Gəl bizim ellərə, mehman şirindir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR