Nazirlikdən bildirilib ki, layihə Azərbaycanın mədəni-intellektual irsini rəqəmsal platformaya daşımağı, müstəqillik illərində yetişmiş yazıçı və şairlərin, alim və filosofların, sosioloqların çıxış və müzakirələrinə yer verməyi, regionalardakı mədəniyyət mərkəzlərində intellektual müzakirələrin təşkilini, Azərbaycandan kənarda yaşayan azərbaycanlı elm və sənət adamlarıyla əlaqə yaratmağı, onların gənc nəsil üçün faydalı olan təcrübələrini sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyi, mənəvi dəyərlərin aşınmasına qarşı cəmiyyətin mədəni immunitetini gücləndirməyi, Azərbaycan dilinin zənginləşməsi üçün IV Sənaye çağının mövzularını Azərbaycan dilində yayımlamağı hədəfləyir.
“Beyin fırtınası” proqramında sənətin, elmin, fəlsəfənin aktual mövzuların aid auditoriyanın və ekspertlərin iştirakıyla gerçəkləşdiriləcək müzakirələr şəxslər deyil, şərhlər üzərində qurulacaq.
Layihədə tənqidi təfəkkürlə yaradıcı düşüncənin, ənənəylə yeniliyin dialoqu baş tutacaq.
Fikirlərin, faktların, alternativlərin yarışı kimi təşkil olunan müzakirələr intellektual mühitin genişlənməsinə, elitar mədəniyyətin formalaşmasına xidmət edəcək.
Hazırladı: Mina RƏŞİD