17.06.2025, 05:02
AZ EN
30.05.2024, 10:24 361

Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirib. Bu məktəb onun üçün faydalı olub, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayıb. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb və onun ən fəal müəlliflərindən biri olub. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında M.Ə.Sabir 36 gizli imza ilə çıxış etmişdi.

Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.

Sabir uşaq ədəbiyyatının vacib olduğunu nəzərə alaraq uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində çalışıb. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdıb.

Böyük şair Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanlığındadır.

Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olunub. Oxucular onun kitabını hərarətlə qarşılayıblar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxılıb. 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR