Xaliq Laçınlı 1955-ci ildə Laçının Zağaltı (Alıbəyli) kəndində anadan olub. Orta məktəbi doğma kənddə oxuyub. Kitabları, mütaliəni çox sevən gənc oğlanın jurnalist olmaq arzusu varmış. Ancaq müsahibədən keçsə də, sənədlərində problemi olduğundan imtahana buraxılmayıb. Sonra nə qədər çalışsa da, ailə qayğılarından arzusuna çata bilməyib.
Laçının işğalı zamanı Xaliq Laçınlının artıq dörd övladı varmış. Bir gün düşmənin od vurduğu qonşu kəndlərin səs-sorağı onlara da gəlib çatır. Kənd camaatının evini tərk etməkdən başqa çarəsi qalmayanda Xaliq özü kimi cavanlarla elində-obasında qalır... Onlar bir müddət Kəlbəcər yaylaqlarında qaldıqdan sonra doğma Laçın dağlarına üz tuturlar. Sonra evləri gözləri önündə alışıb-yanan Xaliq Laçınlı həmkəndliləri ilə birgə bütün təhlükəni gözə alıb kəndlərinə qayıdır, orada özlərinə sığınacaq tapırlar. Beləcə, may ayından dekabra qədər onlar doğma yurdlarından ayrılmırlar...
Xaliq Laçınlının Bakıda, Xırdalanda qohumları olub. Amma deyir, el-elə sığsa da, ev-evə sığmaz. Odur ki, o da ailəsi ilə birgə zirzəmidən başlayaraq min bir əziyyətlə özünə bir koma qurub. Deyir ki, kəndlərindən perik düşdükləri 20 may onun üçün 2019-cu ildə xəstə düşdüyü günə qədər matəm günü olub. Həmin gündə o özünü həmişə yasda hesab edib, heç bir toya, şənliyə getməyib.
Beş uşaq atası Xalid Laçınlının ömür yoldaşı Aliyə xanım 2010-cu ildə ağır xəstəlikdən rəhmətə gedib. Bundan sonra onun dərdinin üstünə bir dərd də gəlib. Həyat yoldaşının ayrılığı onu daha da xəstə salıb. Yurd həsrəti, beş uşağın yükü, üstəlik, dərd ortağı, ömür-gün dostunu itirməyi ona olmazın əzab yaşadıb. Bütün bunlara baxmayaraq, bir gün Laçına dönəcəyi günü gözləyib. Zəfər gününə inamla yaşayıb. Balaca evində oğul evləndirib, qız köçürüb. Evinin içi kitabxana kimi, həyəti güllü-gülüstanlı olub, qəlbi dost üzünə həmişə açıq olan bu sadə şairin evində kimlər olmayıb...
2020-ci ildə sentyabrın 27-də başlayıb və 44 gün davam edən Vətən müharibəsinin Zəfərlə başa çatması onun da yaralarına məlhəm olub. Sevincindən uşaq kimi hönkürüb, sevinc göz yaşları selə dönüb. Amma yenə qəlbi soyumayıb. Zəfər günü və doğma Laçının işğaldan azad olunmasına görə olan-olmazını ortaya töküb dost-tanışlarına gözaydınlığı - qonaqlıq verib. Beləcə, o gündən üzü gülməyə başlayıb, yurda, doğma kəndinə qayıtmaq ümidi ilə yaşayır...
Xalid Laçınlı Zəfər sevincinə köklənsə də, bunu hələ istədiyi kimi şeirlə ifadə etmədiyini deyir. Anlaşılandı, axı insan sevincdən yox, kədərdən daha çox yazır. Odur ki, onun yurd həsrətli şeirlərini təqdim edir, müəlliflə Laçında görüşməyi arzu edirik.
Mina RƏŞİD
LAÇINA QAYIDANDA
Dilsiz yollar dil açacaq,
Boz qayalar gül açacaq,
Qoca "Qırxqız" qol açacaq
El Laçına qayıdanda.
Qara bulud bəyazlaşar,
Çən - çisəklər ayazlaşar.
Sellər coşar, çaylar daşar,
El Laçına qayıdanda.
Duman yerə səriləcək
Vətən cənnət görünəcək.
Ayağına sürünəcək,
El Laçına qayıdanda.
“Sarı baba” saralmaz ta,
“Qaranlıq” da qaralmaz ta,
“Əyri Qarı” qar almaz ta,
El Laçına qayıdanda.
DAĞLAR BİZİ BAĞIŞLARMI?
Hər cığırın izin öpsək,
Bulaqların gözün öpsək.
Sal qayanın özün öpsək.
Dağlar bizi bağışlarmı?
Torpağa nur calayırıq,
Boynuna qol dolayarıq.
Bozqurd kimi ulayarıq
Dağlar bizi bağışlarmı?
Yaylaq doğma, yurdlar tanış,
Dolanmışıq qarış-qarış.
Qoca “Qırxqız” dil aç, danış
Dağlar bizi bağışlarmı?
Eniş- yoxuş... daşdı yolun,
Çox bədövlər tökdü nalın.
Xaliq getsə ayaqyalın,
Dağlar bizi bağışlarmı?
SALAM DE!
Yaxın olub bir tutaydım əlindən,
Gətir öpüm qanadından, telindən,
Əgər keçsən “Qaraçanlı “ elindən
Durna, bizdən o dağlara salam de.
Qan ağlayar ” Hacı Samlı “ dərəsi,
Kəsilibdi Sultan bəyin nərəsi,
Girov qalıb sərt qayası, bərəsi,
Durna, bizdən o dağlara salam de.
Xəyalımda o "Ağ cınqıl", dağ yolu,
Əyər görsən qəribsəyən "Ağ yolu",
O laləzar bağça yolu, bağ yolu,
Durna, bizdən o dağlara salam de.
El köçəndə göy kövrəlib yağırdı,
Şimşək çaxdı, sanki dağlar çığırdı.
Görən bilər, bu dərd necə ağırdı,
Durna, bizdən o dağlara salam de.
Bir səs eylə, “Çalbayırdan” keçəndə,
Nalə çəkdi arxamızca köçəndə.
Xaliq , haçan qayıdarıq o kəndə,
Durna, bizdən o dağlara salam de.
A DAĞ YOLLARI
Ürəyimdən nələr keçdi, gör nələr,
O boranlı, o çovğunlu zirvələr...
Yenə qəlbim həsrətindən kövrələr,
A dağ cığırları, a dağ yolları.
Yamacından boylanardım, baxardım,
Ucalmağa zirvəsinə çıxardım .
İşıq olub bir dünyaya axardım,
A dağ cığırları, a dağ yolları.
Yox idi ayrılıq, yox idi dərdim,
Doyunca gülləri qoxladım, dərdim.
Dolaylardan qaça-qaça gələrdim,
A dağ cığırları, a dağ yolları.
Xalıq LAÇINLI