2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi.
2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilib. 2008-ci il dekabrın 27-də isə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını ediblər.
Ümumi sahəsi 7,5 min kvadratmetr olan binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Üç mərtəbədən ibarət olan binada 350 yerlik konsert salonu, klub, dərs otaqları, səsyazma studiyası, 80 nəfərlik “Ud” restoranı vardır.
Hazırladı: Mina RƏŞİD