2004-cü ildə Azərbaycan Milli Konservatoriyasına daxil olan gənc ifaçı peşəkar səhnəyə ilk addımlarını 2006-ci ildə keçirilən televiziya muğam müsabiqəsi ilə atıb və bundan sonra onun uğurlu addımları bir-birini əvəz edib. Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etməsi üçün dəvət alıb. Bu, onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə “BBC Radio 3” özünün "World Routes" adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim edib.
2009-cu ildə “BBC Radio 3” onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edib.
2009-cu ildə Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli beynəlxalq musiqi festivalında iştirak edib və qalib gəlib.
Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), WOMEX (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012 ), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış edib. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılıb. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verilib.
2018-ci ildə Q.Əsgərova “Azərbaycanın əməkdar artisti” fəxri adı verilib. 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.
Dünya ölkələrində bir çox uğurlar qazanmış xanəndə bundan sonra işğaldan azad edilmiş və gündən-günə gözəlləşən doğma Füzulidə də öz tamaşaçılarını sevindirəcək.
Mina RƏŞİD