23.12.2024, 18:58
AZ EN
09.11.2023, 19:25 228

Mərakeşdə Qarabağ xanlığı ilə bağlı albom-kitab təqdim olunub

XƏBƏRLƏR
  • Noyabrın 8-də Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən Mərakeş Milli Kitabxanasında Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı mərasimi keçirilib.

Albom-kitab ingilis, fransız və ərəb dillərində XIX əsrin 70-ci illərindən başlayaraq 1912-ci ilə qədər davam etmiş dövr ərzində Tbilisidəki Qafqaz muzeyi əməkdaşlarının tarixi Qarabağ xanlığı ərazisinə təşkil etdikləri ekspedisiyalar zamanı toplanmış dəyərli artefaktlar kolleksiyasını özündə əks etdirir. Təqdimat mərasimində eyni zamanda bu artefaktların sərgisi də qonaqlara nümayiş etdirilib.

Tədbirə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri olmaqla 100-ə yaxın iştirakçı qatılıb.

İlk olaraq, çıxış edən Mərakeş Milli Kitabxanasının direktoru Mohammed Ferran təqdimatın iki ölkə arasında əlaqələrin mədəni ölçüsünün inkişaf etdirilməsində vacib rol oynadığını vurğulayıb, Mərakeş ictimaiyyətində Azərbaycanın zəngin tarixi, mədəniyyəti və dəyərləri haqqında daha geniş təsəvvürün formalaşması və məlumatlılığın artmasına xidmət edəcəyini vurğulayıb.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində təşkil edilən bu təqdimat mərasiminin ölkəmizin mədəniyyət paytaxtı olan və 28 illik işğaldan azad olduqdan sonra bu statusu özünə qaytaran ən mühüm regionlarımızdan biri - Qarabağ haqqında unikal tədqiqatların yekun məhsulu olan bir kitaba həsr edildiyini bildirib. Səfir həmçinin, Tbilisi şəhərində yaradılmış “Qafqaz muzeyi” əməkdaşlarının Qafqazın müxtəlif regionlarına yerli xalqlar haqda tarixi və etnoqarfik materiallar toplamaq üçün çoxsaylı ekspedisiyalar keçirdiyini və Qarabağ xanlığı ərazisindən toplanan materialların əsasən 1912-ci il ekspedisiyaları zamanı toplandığını diqqətə çatdırıb. O cümlədən, Qafqaz muzeyi əsasında yaradılmış Gürcüstan Milli Muzeyinin arxivlərində saxlanılmış materiallar və artefaktların detallı analiz, kataloqlaşdırma, fotoçəkilişinin aparılması nəticəsində həmin materiallar əsasında albom tərtib edildiyi, bu albomun isə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilati dəstəyi ilə nəşr edildiyi qeyd olunub.

Kitabda Gürcüstan Milli Muzeyinin arxivlərində aşkar olunaraq tədqiq olunmuş bir neçə min artefaktdan yalnız 300-ünün əks olunduğu da vurğulanıb, burada əks olunan materialların Qarabağ xanlığı əhalisinin məhz aparıcı azərbaycanlı və müsəlman kimliyinə mənsub olmasını göstərdiyinə xüsusi diqqət yönəldilib.

Artefaktların sərgisi Milli Kitabxanada növbəti iki həftə müddətində nümayiş etdiriləcək. Bununla yanaşı, albom-kitab Milli Kitabxananın zəngin kitab kataloquna daxil edilib ki, bu da Mərakeş oxucularına ölkəmizin Qarabağ bölgəsinin zəngin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Təqdimat mərasiminin sonunda iştirakçılara “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabı hədiyyə edilib.(Report)

Oxşar xəbərlər