Sara Manafovanın əsərləri böyük uğur qazanmış və beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Onun idman mövzusuna həsr etdiyi “Gənclik” və “Kamandan ox atan qız” adlı əsərləri müxtəlif jurnallarda, poçt açıqcalarında, pannolarda nəşr edilmişdir.
Rəssam "Avtoportret", "Bakı - küləklər şəhəri", "Bahar. Azərbaycan", "Qarabağ - ağrım mənim", "Çarmıxa çəkilmiş məhəbbət", "Yatmış qız" və s. tanınmış əsərlərin müəllifidir.
Sara xanım dünyada törədilən faciəli hadisələrə həssaslıqla yanaşırdı. Onun “Sonqmi kəndinin sakinlərinin xatirəsinə” adlı triptixi beynəlxalq miqyasda şöhrət qazanmışdır. 1990-cı ildə 20 Yanvar hadisələrinə həsr edilmiş “Qara qızılgül” əsəri xüsusi mükafat almış, “Xocalı faciəsi. Haray” əsəri isə Diasporla İş üzrə Dövlət Komitəsinin mükafatına layiq görülmüşdür.
Sara Manafova müxtəlif texniki və üslub vasitələrindən istifadə etməklə fərqli janrlarda çəkilmiş zəngin yaradıcılıq irsi qoyub getmişdir.
Onun əsərləri Tunis, Mərakeş, Əlcəzair, Almaniya, Bolqarıstan, İtaliya, Norveç, Finlandiya, Vyetnam, Yaponiya, Türkiyə, İran, Kuba, Danimarka, Polşa və Fransa sərgilərində nümayiş etdirilmişdir.
Sara Manafovanın əsərləri dünyanın ən məşhur muzey və qalereyalarında, habelə şəxsi kolleksiyalarda saxlanılır.
Görkəmli rəssam 2007-ci ildə vəfat etmişdir.
Hazırladı: Mina RƏŞİD