Tədbirdə “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, yazıçı Sevinc Nuruqızı, “Kaspi” liseyinin şagird və müəllim kollektivi, müqəddəs şəhidlərimiz Ramazan Göydağlı, Cavid Səfərli və mayor Emin Süleymanovun ailə üzvləri, yaxınları və başqa qonaqlar iştirak ediblər.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları salamladıqdan sonra Vətən uğrunda canlarını fəda edən qəhrəmanların xalqımızın qəlbində və xatirələrində daim yaşayacağını vurğulayıb. Qeyd edib ki, kitab məktəbli yazar Sevindik Nəsiboğlunun oxucularla növbəti görüşüdür. “Möhtəşəm Zəfərin nişanəsi” kitabı Birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıq yolundan bəhs edir. Kitabda 70-dən çox şəhid haqqında məqalə və şeirlər, qazilər, azad edilmiş ərazilərimiz və 300-dən çox şəhidimizlə bağlı məlumatlar yer alıb. “Kaspi” liseyinin şagirdləri kitabdan şeirlər söyləyiblər. Gənc müəllif kitablarını imzalayaraq yaşıdlarına hədiyyə edib.
Mina Rəşid