11.07.2025, 22:19
AZ EN
07.09.2023, 17:14 314

Bu gün Hafiz Baxışın anım günüdür

XƏBƏRLƏR

Uzaq-uzaq ellərdə adım var, ünvanım var,

Dastanlara sığmayan şanım var, şöhrətim var.

Qəhrəmanlar içində neçə qəhrəmanım var?

Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam

Azərbaycan oğluyam!

 

Bu gün belə unudulmaz misraların müəllifi, istedadlı şair, rejissor Hafiz Baxışın anım günüdür. O, 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirib.

1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləyib, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil alıb. Tələbə ikən 1954-cü ildə Azərbaycan televiziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olub. 1956–1961-ci illərdə Sumqayıt şəhərində pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb.

1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, sonra yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərib. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunub, "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap edilib. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib.

Mahnıları dinləyicilərinin dilindən-könlündən düşməyən şair “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”, “Bu torpağa bağlıyam”, “Ömür bir yarpaq imiş”, “Ana layla deyir” kimi uğurlu kitabların müəllifidir.

Şair, rejissor, həm də dəyərli bir insan, vətəndaş kimi yaddaşlarda yaşayan Hafiz Baxış 1989-cu il sentyabrın 7-də vəfat edib. Ruhu şad olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər