22.11.2024, 18:35
AZ EN
24.07.2023, 10:48 317

Xalq artisti Yalçın Əfəndiyevin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, professor Yalçın Heydər oğlu Əfəndiyev 1937-ci il iyul ayının 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində, 1962–1967-ci illərdə isə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1960-cı ildən başlayan Yalçın Əfəndiyev 1966–1991-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləmiş, həmçinin burada 1983–1986-cı illərdə Xronikal sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışmışdır. O, 1991–1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” kinostudiyasında bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirmiş, 1994–2002-ci illərdə isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ali dərəcəli rejissoru vəzifəsini tutmuşdur. Yalçın Əfəndiyev 1995-ci ildən etibarən uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Yalçın Əfəndiyev professional rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında əhəmiyyətli rol oynayaraq milli kino salnaməsində özünəməxsus yer tutan sənətkarlardandır. Azərbaycanın elm və mədəniyyət tarixinin görkəmli simalarına, xalqımızın mədəni irsinə və mənəvi dəyərlərimizə həsr etdiyi bədii və sənədli ekran əsərləri ona geniş şöhrət qazandırmışdır. Sənətkarın Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olan “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “Azərbaycan, Azərbaycan”, “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Azərbaycan incəsənəti”, “İrsimizin sorağında” və digər filmləri milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri kimi dəyərləndirilmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olaraq Yalçın Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişdirilməsi və yüksəkixtisaslı peşəkar kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.

Respublikamızın hüdudlarından kənarda müxtəlif kinofestivallarda Yalçın Əfəndiyevin filmləri Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Yalçın Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Xalq artisti və Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.

Tanınmış konorejissor 2019-cu il dekabrın 10-da, ömrünün 83-cü ilində vəfat etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər