20 iyul Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür
“Sağalmaq üzrəyəm, inşallah. Üçüncü ildir yorğan-döşəkdəyəm, amma sağalan kimi söz verirəm, Şuşanı gedib görməliyəm. Şuşada olmamışam axı...” Bunu Xalq artisti Ramiz Əzizbəyli müsahibəsi zamanı dilə gətirib... Amma amansız ölüm onu arzusuna çatmasına imkan vermədi...
Ömrünü televiziya və kinoya həsr edən Xalq artisti Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakıda 11 uşaqlı ailədə anadan olub. 10 yaşı olanda atası dünyasını dəyişib. O, 190 saylı məktəbdə orta təhsil alıb. 9 yaşındaisə Ramiz Əzizbəyli televiziya aləminə gəlir. Azərbaycanda televiziyanın yaranmasından bir neçə il sonra o, “Uşaq” redaksiyasında işə başlayır. Tezliklə istedadına və gözəl səsinə görə dublyajlara cəlb olunur. Qeyd edək ki, həmin vaxta kimi uşaqları da böyük aktyorlar səsləndirirdi.
Ramiz Əzizbəyli hərbi xidmətini Ermənistanın Leninakan (Gümrü) şəhərində keçir. Burada ermənilər onu sıxışdırırlar, hətta öldürmək də istəyirlər. O, hərbi xidmətini başa vurub Bakıya qayıtdıqdan sonra kinostudiyada fəhlə kimi işə başlayır. Sonra İncəsəbət İnstitutunun Mədəni-maarif fakültəsində oxuyur.
Ramiz Əzizbəyli Zümrüd xanımla ailə qurur. Bu evlilikdən iki qızı dünyaya gəlir. O, “Mozalan”dakı obrazlarından başqa, “Dərviş Parisi partladır”, “Gümüşgöl əfsanəsi”, “Bağ mövsümü”, “Otel otağı” filmlərində çəkilir. “Bəyin oğurlanması” filmində “İsabala”nın mahnısını da özü ifa edib.
1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı filmi ilə rejissorluq fəaliyyətinə başlayır. Film bir neçə beynəlxalq kinofestivalda uğur da qazanır. Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında rejissor debütünə görə mükafata layik görülür.
1992-ci ildə çəkilən “Bəxt üzüyü” Ramiz Əzizbəylinin rejissor kimi ikinci işidir. Tragikomediya janrında olan film böyük uğur qazanır. O, filmin rejissoru olmaqla yanaşı, bəzi mahnıları da səsləndirir. Hətta epizodik rollardan birinə çəkilir. O, filmdə həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan həmin hissələri çıxarır.
2000-ci ildə Əməkdar artist, 2008-ci ildə Xalq artisti adına layiq görülür. 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunur. Bir müddət Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada və Musiqili Teatr Rejissorluğu Kafedrasının müdiri olub.
Xalq artisti 3 dəfə insult keçirib. Uzun müddət qan təzyiqi və şəkərdən əziyyət çəkib. Bir ayağının barmaqları amputasiya edilib. Görkəmli sənətkar koronovirusdan da müalicə alıb.
“Gəzmək üçün darıxıram. Yorulmuşam “pastel”dən, nə qədər yatmaq olar? Nə qədər uşaqlarıma əziyyət vermişəm. Bağışlasınlar məni”. Bunu isə müsahibələrinin birində deyib.
2021-ci il iyunun 9-da vəfat edən Ramiz Əzizbəyli Qurd qapısı qəbiristanlığında dəfn edilib. Allah rəhmət eləsin sənətkarımıza.
Tahirə AĞAMİRZƏ