O, Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndələrindən biridir. Xanəndə peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.
Yaqub Məmmədov Seyid Şuşinskidən və xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.
Onun ifasında bir çox muğam əsəri səsyazmaların qızıl fonduna daxil olub. Əslən qarabağlı olan Y.Məmmədov Asəf Zeynallı adına musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskidən dərs alıb.
Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, çoxlu sayda konsertlərdə iştirak edib, qastrol səfərlərində olub. Onun səsi yazılmış bir neçə qrammofon valı buraxılıb.
Ustad xanəndənin səsi də, sənəti də tarixiləşərək əbədi yaddaşlara çöküb. Çünki o, məlahətli səsi, istedadı və sənətə sərf etdiyi zəhməti sayəsində əsl sənət zirvəsini fəth edə bilmişdi. Odur ki, sənətkarı xalq sevmiş, dövlətimiz də onu yüksək qiymətləndirmişdi. Yaqub Məmmədov "Xalq artisti" adına layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif edilmiş, böyük sənət xiridarı, Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdçüsü olmuşdu.
Yaqub Məmmədovun yaradıcılıq yolu Azərbaycan ifaçılıq tarixinin silinməz səhifələrini təşkil edir. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri ustadın qiymətli yadigarı olaraq lent yazılarında qorunub saxlanır. Nə yaxşı ki, bu yadigar lent yazıları var. Onlar bizə belə sənətkarları anmaqda əsl mənbədir.
Görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədov 2002-ci il iyulun 5-də vəfat edib. Ruhu şad olsun!
Hazırladı: Mina RƏŞİD