Bu barədə GAK sədri Hüseyin Yusubov məlumat verib.
Bildirib ki, ermənilərin hər iki hərəkəti vandalizm, milli, dini zəmində düşmənçilik siyasətidir.
GAK-ın ermənilərin bu hərəkətlərini qətiyyətlə pisləyən bəyanatında deyilir: “Aprelin 14-də İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatının təşkilinə məsul olan şəxsin Azərbaycan bayrağını yandırması əsl vandalizm hərəkətidir. Biz GAK olaraq bidlirmək istəyirik ki, bu cür irimiqyaslı çempionatların keçirildiyi ölkələr müəyyən beynəlxalq anlaşmalar imzalayıblar. Bu sənədlərə görə, təşkilatçı tərəf beynəlxalq konvensialara uyğun olaraq iştirakçı ölkələrin idmançılarını, hakimlərini və hər bir ölkənin atributlarını qorumağa borcludur. Ermənistan dövləti bu hərəkətə görə Azərbaycan və Türkiyədən rəsmi qaydada üzr istəməlidir”.
Azərbaycan və Türkiyə dövlətlərinin bu məsələlərlə bağlı mövqeləri məlumdur. Bizim vətənimiz Gürcüstan təklif edir ki, bütün Qafqazla bağlı danışıqlar Tbilisi şəhərində keçirilsin. Yerevan artıq öz çərçivələrinə sığışmağı adət etməlidir. Onlar Azərbaycan və Türkiyə ilə barışıq yoluna çıxmalıdırlar. Bilirik ki, türklərin və bizim hamımızın bu məsələlərə bir yanaşması var. Bu isə Mustafa Kamal Atatürkün dediyi kimi “Yurdda sülh, Cahanda sülh” yanaşmasıdır.
H.Yusubov bildirib ki, GAK eyni zamanda, beynəlxalq idman təşkilatlarına müraciət edəcək ki, Ermənistanda bu cür genişmiqyaslı idman tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etməzdən əvvəl bir daha ciddi fikirləşsinlər. Ermənistan kimi terroru dövlət səviyyəsində dəstəkləyən, vandalizmi və nifrəti təbliğ edən dövlətlərdə təhlükəsizliyə ciddi təminatın olmadığını bilməlidirlər.
Bəyanatın əsri düşən azərbaycanlı əsgərlər bağlı hissəsində isə deyilir: “Naxçıvan ərazisindəki Azərbaycan əsgərləri dumanlı havada yolu azaraq Qafan ərazisinə çıxıblar və orada əsir götürülüblər. Bəhs olunan ərazi döyüş bölgəsi deyil və əsgərlər məhz burada əsir götürülüblər. Əsir düşmüş silahsız əsgərlərə qarşı Ermənistanda ən ağır, ən iyrənc, ən vandal və vəhşi hərəkətlər tətbiq olunub. Onlar döyülərək işgəncələrə məruz qalıblar. Bu isə əsirlərlə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, konvensiyalara ziddir.
GAK beynəlxalq təşkilatları bu cür hərəkətlərə göz yummamağa çağırır: “Ermənistan bilməlidir ki, əgər Azərbaycan vətəndaşlarına və Azərbaycan əsgərlərinə bu vəhşilikləri törətməyə davam edirlərsə, bu cavabsız qalmayacaq. Biz onlara izah edirik ki, onlar üçün yeganə çıxış yolu sülh yoludur. İnanırıq ki, Qafqazda sülh olacaq. Biz, onların bu hərəkətlərini nifrətlə qınayırıq və tələb edirik ki, əsirlərə həmin əziyyətləri verın adamlar məhkəmə qarşısında cavab versinlər və layiq olduqları cəzaya məhkum olunsunlar”. (AZƏRTAC)