2015-ci il yanvarın 1-də hərbi xidməti başa vuran Vüqar Zamanov 2016-cı ildən Füzuli rayon ərazisində yerləşən N saylı hərbi hissədə Milli Ordu sıralarında Müddətdən Artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2016-cı il Aprel döyüşlərində Lələtəpə əməliyyatının iştirakçısı olan 25 yaşlı kəşfiyyatçı-snayper kiçik çavuş Vüqar Zamanov 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsinin ağır döyüşlərində də xüsusi qəhrəmanlıq nümayiş etdirib. O, Horadiz, Şıxlı, Kürdlər, İşıqlı, Seyidəhmədli və bir neçə kənd və qəsəbələrimizdə, eləcə də Füzuli şəhərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Noyabrın 5-i Şuşa şəhəri ətrafında Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olub və Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Şəhadətindən sonra Vüqar Zamanov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ