23.12.2024, 04:41
AZ EN
22.05.2023, 15:53 218

Tezliklə Xankəndində məktəbimizin fəaliyyətini davam etdirəcəyik

XƏBƏRLƏR
  • 30 ildir yurdlarından ayrı düşən soydaşlarımız bu illər ərzində torpaq həsrətilə yaşayıblar. Vətən müharibəsindəki qələbəmizdən sonra isə hər kəsin ürəyində saxladığı ümidlər cücərməyə başladı. 

İctimai TV Xankəndi şəhər mətkəbindən reportaj hazırlayıb. Reportajda vurğulanıb ki, Bakıda yerləşən Nizami Gəncəvi adına 4 nömrəli Xankəndi şəhər tam orta məktəbinin şagird və müəllim heyəti də bu ümidlə yaşayırlar. İndi onlar illərdən sonra doğma torpaqlarına ayaq basacaqları günü səbirsizliklə gözləyirlər.

Məktəbəin girəcəyində Xankəndinin müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın xatirə lövhəsi diqqətçəkir. Burada təhsil alan balaca fidanlar isə vaxtilə yaşanan faciələr, qanlı-qadalı müharibə illəri haqqında ancaq tarix kitablarından öyrənirlər. Böyüklərindən eşitdikləri onların da dilinin əzbərinə çevrilib. Görmədikləri Vətən torpağına qəlbən bağlıdırlar.

Qarşıdan gələn dərs ilində birinci sinifə gedəcək 6 yaşlı Nur deyir ki, Xankəndi məktəbinə gedirəm. Bu yol məni Xankəndi məktəbinə aparır. Tezliklə hamımız Qarabağa qayıdacağıq, xalqımız qayıdır. Çünki Qarabağ Azərbaycandır!

Atası Əziz Əlibəyli isə birinci sinfə Bakıda başlayacaq qızının Xankəndində məzun olacağı günü ümidlə gözlədiyini deyir:

-Bu, xüsusi bir hissdir, müstəsna bir hissdir. Çünki bizim uzun illər həsrətində olduğumuz torpağın, Vətənimizin bir parçasının adı həm təhsilimizdə, həm də övladımızda, ailəmizin bir hissəsində təcəlli edib. Yəni, bu mənada düşünürəm ki, o balacanın atdığı addımlar həm də Qarabağa, Xankəndinə Böyük Qayıdışın mühüm bir hissəsidir.

Əslən Xankəndindən olan məktəbin direktoru Cəmilə Əhmədova isə bildirir ki, təhsil ocağında 300 şagirdlik nəzərdə tutulsa da, bu gün burda 2000-ə yaxın şagird  təhsil alır. Məktəbin kifayət qədər nailiyyətləri də var: “Qürurvericidir ki, mənim rəhbərlik etdiyim məktəb köçkün həyatı sürsə də, amma  fəaliyyətini davam elədi və  əminəm ki, tezliklə biz Xankəndində həmin bu  məktəbin fəaliyyətini davam etdirəcəyik. Şagirdlərimiz, məzunlarımız yüksək balla ali məktəblərə qəbul olublar. Belə deyim, həkimimiz də var, prezident Yanında İdarəçilik Akademiyada oxuyan tələbələrimiz də var və inanıram ki, tezliklə də Xankəndinə gedəcəyik.

Xəyalə Müsadirova, ibtidai sinif müəllimi:

-Biz bununla bağlı bütün siniflərdə tədbirlər keçiririk. Bunu şagirdlərə aşılayırıq. İnşallah ki, o torpaqlara yenidən qayıdıb oranı canlı görüb, uşaqlara göstərib və yeni tədris ilində balaca fidanlarımızı orda qarşılamaq həqiqətən də bizim üçün qürurvericidir.

Vətən müharibəsində qazanılan parlaq zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri Xankəndi sakinlərinin də ümidini artırır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər