01.08.2025, 23:41
AZ EN
11.04.2023, 12:47 264

Vətən nisgilli, torpaq həsrətli insanlar ürəkdən gülə bilmirlər...

XƏBƏRLƏR
  • 1988-ci il deportasiyasına məruz qalanlardan biri də Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndinin sakini, Azərbaycan Tibb Universitetinin Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Şirazi İbrahimovdur. 

İbrahimov Şirazi Rüstəm oğlu 1980-ci ildə Nərimanlı kəndində I sinfə gedib və 1988-ci ilə qədər orada təhsil alıb. 1988-ci ildən sonra Bakı şəhərində yerləşən Kimya-Biologiya təmayüllü internat məktəbində təhsilimi davam etdirib. O, deyir: “Çox təəssüf ki, 1988-ci ildə el-obamızın acınacaqlı dövrü başladı. O illərdən bu günə qədər çox zaman keçib. Həm sevindiyimiz, həm də kədərləndiyimiz günlər oldu. Nə qədər sevincli günlərimiz olsa da, həmişə bir yanımız kədərli olub. Çünki mən elə düşünürəm ki, vətən nisgilli, torpaq həsrətli insanlar ürəkdən gülə bilmirlər.

1988-ci ildə artıq mənim 15 yaşım var idi. Uşaqlıq yaddaşı möhkəm olur və unudulmur. İnsanın uşaqlıq illəri harada keçirsə, elə ora da vətəni sayılır. Göyçə mahalı 5 rayondan ibarətdir. O rayonlardan biri Basarkeçərdir. Basarkeçərin 36 kəndindən biri də bizim Nərimanlı kəndidir. Bu kənd 400-ə yaxın evdən ibarət idi. Biz o torpaqlarda böyüdük, boya-başa çatdıq, yıxıldıq, durduq. İnsanın möhkəmlənməyi üçün mütləq torpaq lazımdır. Ağacları, bitkiləri bir yerdən götürüb başqa bir yerə apardıqda onlar ya cılızlaşır, ya da quruyur. İnsan da həmin canlılar kimi torpaqdan güc alır. Doğrudur, biz deportasiya illərindən sonra yenidən Azərbaycan torpağına qədəm qoyduq. Amma bizim yaddaşımızdan doğma kəndimiz çıxmadı. Kəndimizin gözəl təbiəti, suyu, yaşıllığı var idi. Hər yer yamyaşıl dağlardan ibarət idi. Mən xatırlayıram ki, Göyçə mahalında insanların öd kisəsində daş xəstəliyi olmazdı. Oradakı suyun tərkibində olan minerallar, orqanizm üçün faydalı olan hər şey var idi. Kəndimizin insanları da çox mehriban idi. Tanış olan və ya olmayan hər kəs bir-birini gördükdə salamlaşardı. Nərimanlı kəndinin ən ümdə xüsusiyyəti ondan ibarət idi ki, orada həm tütünçülük, həm də kənd təsərrüfatı inkişaf edirdi. Eyni zamanda, Göyçədə zod-qızıl mədəni var idi. Kəndimizin sakinləri orada da fəaliyyət göstərirdilər. Amma onu deyim ki, bizim ən dəyərli var-dövlətimiz müəllimlərimiz idi. Müəllimlərimiz bizə təkcə savad, bilik vermədilər. Onlar bizə həm də vətəni sevməyi, torpaq uğrunda candan keçməyi öyrətdilər. Nərimanlı kəndində doğulub, boya-başa çatmış 18 sakinimiz I Qarabağ müharibəsində şəhid olub. II Qarabağ müharibəsində isə Nərimanlı kəndi 3 şəhid verdi. İran İslam Respublikasının Azərbaycan səfirliyində həyata keçirdiyi terrorda şəhid olan Orxan Əsgərov da Nərimanlı kəndinin sakini idi. Bir sözlə, Nərimanlı belə vətənpərvərlərlə dolu bir kənd idi”.

Ş.İbrahimov sonra deyir ki, 1988-ci ildən sonra Qərbi Azərbaycan kökənli insanlar ya Azərbaycanda, ya da digər ölkələrdə dünyaya gəliblər. İcma yarandıqdan sonra dövlət səviyyəsində Qərbi Azərbaycanlılara dəstək çox mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan əhalisi arasında yenidən bir təşkilatlanma başladı. Qərbi Azərbaycan İcmasının binasında Nərimanlı kəndinin bir görüşü keçirildi. Həmin görüşdə mən Nərimanlı kəndinin icma rəhbəri seçildim. Bu, mənim üzərimə yeni bir məsuliyyət qoyur. Qərbi Azərbaycanda ermənilər tərəfindən dəyişdirilmiş toponimlərin yenidən keçmiş vəziyyətinə qaytarılması üçün əlimizdən gələni edirik. Mən inanıram ki, Qərbi Azərbaycan İcması üzərinə götürdüyü bu şərəfli işi layiqincə yerinə yetirəcək.

Qayıdış Konsepsiyası qəbul olunduqdan sonra, ilk növbədə, 1988-ci ildə deportasiya olunmuş Qərbi Azərbaycanlıların siyahısı hazırlanmağa başlandı. Həmin siyahıyaalmada Nərimanlı kəndi də yaxından iştirak etdi.

Nərimanlı kəndindən 1988-ci ildə deportasiya olunanların siyahısı hazırlanıb. Siyahı üzrə 3000-ə yaxın belə şəxs var. Həmin siyahıda qeyd olunmuşdu ki, ailə quran Nərimanlı kəndinin qadınları elə həmin yerdə qeyd olunsunlar. Sonra məlum oldu ki, qızlarımızın çoxu Qərbi Azərbaycanlı ilə əlaqə qurmayıb. Bu zaman onlar siyahıda qeyd olunmayacaqdı. Bizim də İcmaya belə bir təklifimiz oldu ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən olan şəxslərlə ailə quran kəndimizin xanımları da siyahıda qeyd olunsun. Çünki onlar da həmin kənddə doğulub və müəyyən hüquqları var.

1988-ci ildən bu yana biz Qərbi Azərbaycanlıların qəlbində yalnız bir arzu var. Bu da doğma yurdumuza qayıtmaqdır. İnanıram ki, biz arzumuza çatacağıq. Həmin an xoşbəxtlik hissini yaşamaq da bizə nəsib olacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər