22.11.2024, 21:07
AZ EN
24.03.2023, 21:30 107

Qarabağda mümkün insan itkilərinə görə məsuliyyət Ermənistanın və rusiyalı kontingentin üzərinə düşür

XƏBƏRLƏR
  • Qarabağda yerləşdiyi müddət ərzində rusiyalı sülhməramlı kontingent üzərinə düşən vəzifələri tam həcmdə icra etmir. Birgə bəyanatla imzalanan öhdəliklərin yerinə yetirilməsi, xüsusilə erməni silahlılarını Qarabağ ərazilərindən çıxarmalı olan sülhməramlı kontingentin komandanlığı hazırda bu Bəyanatın şərtlərinin tamamilə ziddinə olaraq erməni silahlarının təminat və təchizatı üçün kuryerlik edirlər.

Bu fikirləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, dəfələrlə Azərbaycan Müdafiə və Xarici İşlər nazirliklərinin bəyanatlarına baxmayaraq, bu günədək də Ermənistandan Qarabağ ərazisinə silah-sursat, mina, ərzaq və digər təchizatlar daşınmaqdadır. Bu daşınmalar üçün alternativ yollardan istifadə olunur. Bu alternativ yol - Turşsu-Xəlfəli-Xankəndidir. Bu yola da nəzarət məhz Rusiya kontingentinin üzərinə düşsə də, onlar bu yoldan gizlin qaçaqmalçılıq yolu ilə Ermənistandan Qarabağa daşınmalar üçün istifadəyə münbit şərait yaradırlar. Son günlərdə isə erməni silahlıları Qarabağ ərazisində ekoloji terrorun növbəti mərhələsini həyata keçirərək meşələri məhv edib yeni yollar çəkirlər.

Hərbi ekspert qeyd edib ki, bütün bunlar Azərbaycan tərəfinin səbrini daşırmağa hesablanmış addımlardır: “Düşünürəm ki, Azərbaycanın ən qısa müddətdə həm Azərbaycan-Ermənistan şərti sərhədinin Laçın istiqamətindəki sərhəd buraxılış və ya nəzarət buraxılış məntəqəsini yerləşdirməsi artıq labüddür. Bundan başqa, erməni silahlarının da Qarabağın rusların müvəqqəti nəzarətində olan hissəsindən çıxarılması prosesi də buraxılış məntəqəsinin qurulması ilə paralel başlamalıdır. Qarabağda yerləşən sülhməramlı kontingentin komandanlığı üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə gələcəkdə də eyni cür yanaşarsa, o zaman Azərbaycan tərəfi sülhməramlı kontingentin Qarabağdan çıxarılması məsələsini müzakirə mövzusuna çevirə bilər.

“Laçın yoluna paralel olaraq ermənilərin qaçaq üsulla istifadə etdiyi Xəlfəli-Turşsu yolundan başqa Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun da çəkilməsi Azərbaycan tərəfini dərindən narahat edir. Bu fəaliyyətlərə görə Azərbaycan sülhməramlı kontingentin komandanlığından hesabat tələb etməli, bu fəaliyyətlərin qarşısının alınması üçün də əlində olan bütün imkan və döyüş potensialından istifadə etməlidir. Baş verə biləcək gərginləşməyə, ərazidə mövcud ola biləcək mümkün insan itkilərinə görə bütün məsuliyyət Ermənistanın və onların Qarabağdaki silahlı birləşmələrini dəstəkləyən rusiyalı kontingentin üzərinə düşür”, - deyə Ə.Verdiyev vurğulayıb.("AZERTAC")

Oxşar xəbərlər